PDF Oxu

Siyasət

  • 39

Misir ictimaiyyəti Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri və ölkəmizin uğurları haqqında məlumatlandırılmışdır

Misir ictimaiyyəti Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri və ölkəmizin uğurları haqqında məlumatlandırılmışdır

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin "Əl-Oula" televiziya kanalının populyar "Sabahın xeyir, Misir" verilişində canlı yayımla çıxış etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Ş.Abdullayev oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri barədə Misir ictimaiyyətinə ətraflı məlumat vermişdir. O, Azərbaycan xalqının yüksək etimad göstərərək yenidən İlham Əliyevi böyük səs çoxluğu ilə Prezident seçdiyini bildirmişdir. Səfir bu qələbənin ötən 10 ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilmiş köklü islahatlarla bağlı olduğunu diqqətə çatdırmışdır.

Ş.Abdullayev seçki prosesini 100 ölkəni, 50 beynəlxalq təşkilatı təmsil edən 1300 nəfərdən ibarət müşahidə missiyasının daxil olduğu 53 min müşahidəçinin izlədiyini diqqətə çatdırmışdır. O demişdir ki, həm beynəlxalq, həm də yerli müşahidəçilər seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirildiyini bəyan etmişlər.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi çətin yoldan danışan səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulamışdır. Diplomat BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə rəsmi Yerevanın məhəl qoymadığını Misir ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtması ilə ölkə daxilində mövcud olan siyasi problemlərin qısa müddətdə həll edildiyini vurğulayan səfir Azərbaycanın sürətlə inkişaf etdiyini, böyük iqtisadi və sərmayə imkanlarına malik dövlətə çevrildiyini bildirmişdir.

Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Ş.Abdullayev ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən də danışmışdır. O, Azərbaycanın geosiyasi və geostrateji mövqeyini xüsusi vurğulamış, ölkəmizin Avropa ilə Asiya arasında körpü rolu oynadığını və bu mövqeyin istər daxildə sabitliyin təmin olunması, istərsə də xarici siyasətdə uğurların əldə edilməsində əhəmiyyətini vurğulamışdır.

Diplomat, həmçinin Azərbaycan-Misir əlaqələri haqqında danışmışdır.

AzərTAc

Digər xəbərlər