PDF Oxu

Siyasət

  • 19

Azərbaycan Diplomatik Akademiyasının Əfqanıstan rəsmiləri üçün təşkil etdiyi “Keçid dövründə dövlət quruculuğu” adlı təlim kursu başa çatmışdır

Azərbaycan Diplomatik Akademiyasının Əfqanıstan rəsmiləri üçün təşkil etdiyi “Keçid dövründə dövlət quruculuğu” adlı təlim kursu başa çatmışdır

Azərbaycan Diplomatik Akademiyasının İxtisasartırma Proqramının Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birlikdə Əfqanıstanın dövlət rəsmiləri üçün təşkil etdiyi "Keçid dövründə dövlət quruculuğu" adlı dördüncü təlim kursu başa çatmışdır.

AzərTAc xəbər verir ki, oktyabrın 21-də başlayan və doqquz gün davam edən kurs çərçivəsində Əfqanıstanın 20 dövlət rəsmisinə fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, media, keçid dövründə insan hüquqları, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları, korrupsiyaya, ekstremizmə qarşı mübarizə və s. mövzularda təlim keçilmişdir. Azərbaycan, İsveçrə və Latviya hökumətlərinin maliyyə dəstəyi ilə baş tutmuş təlim kursu çərçivəsində iştirakçılar ADA-nın kampusu və Bakının bir sıra tarixi yerləri ilə də tanış olmuşlar.

Kursun başa çatması ilə əlaqədar oktyabrın 30-da keçirilən tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini, professor Hafiz Paşayev və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin nümayəndəsi Mark Finaud iştirakçılara sertifikatlar təqdim etmişlər.

Tədbirdə çıxış edən rektor Hafiz Paşayev bildirmişdir ki, kursun məqsədi Əfqanıstanda dövlət quruculuğu prosesi, qeyri-dövlət təşkilatlarının yaradılması və ümumilikdə bu ölkənin problemləri ilə bağlı məsələlərin həllinə kömək etməkdir. Hafiz Paşayev qeyd etmişdir ki, kursa böyük maraq olduğundan gələcəkdə də bu sahədə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Rektor demişdir ki, Azərbaycan ilə Əfqanıstan arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın Əfqanıstanda dövlət quruculuğu prosesinə fəal dəstək verməsi məmnunluq doğurur və biz də bu işdə həmişə iştirak etməyə hazırıq.

AzərTAc

Digər xəbərlər