"Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır". Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır. Onun fikrincə, növbəti 5 ildə də bu iş davam etdiriləcək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün praktik addımlar atılacaq.
"Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir"- deyə, nümayəndə heyətinin üzvü qeyd edib.
yap.org.az