PDF Oxu

Siyasət

  • 35

Radikal müxalifət "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu kobud şəkildə pozur

Radikal müxalifət "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu kobud şəkildə pozur

Siyavuş Novruzov: "Onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır"

Bu il Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri və seçkiləri müşahidə etmiş xarici qonaqların rəyləri bir daha ölkəmizdə yaradılmış demokratik ab-havadan xəbər verir. Seçkidən öncə, həmçinin, bu prosesdən sonra bütün demokratik qaydaların qorunub saxlanılması, hər bir şəxsə, siyasi partiyaya, namizədə özünü nümayiş etdirmək imkanının verilməsi söylənilənlərin əyani sübutu oldu. Eyni zamanda, hakimiyyətin özünün demokratik şəraitin yaradılmasında maraqlı olması nəticəsində Konstitusiya ilə təsbit olunmuş bütün azadlıqların hər biri işlək vəziyyətdə idi. Odur ki, bütün namizədlər, siyasi partiyalar seçki prosesində və ondan sonra bütün imkanlardan istifadə etdi. Lakin çox təəssüflər olsun ki, qaydalara riayət etmə məsələsində radikal müxalifətin fəaliyyətini təqdir etmək mümkün deyil. Çünki radikal müxalifəti təmsil edən "Milli Şura" bütövlükdə Seçki Məcəlləsini və digər qanunvericilik aktlarını kobud şəkildə pozmaqla, Azərbaycanın demokratik imicinə zərbə vurmağa cəhd göstərirdi. Elə müxalifət özü təbliğat-təşviqat kampaniyası başlamamışdan qəzetlərdə, saytlarda "Milli Şura"nın namizədinin reklamı, kampaniyası ilə məşğul olmağa başlamışdı, hansı ki, bu, Seçki Məcəlləsi ilə qadağan olunub. Məcəllənin 75-ci maddəsində aydın göstərilir ki, seçkiqabağı təşviqat seçkiyə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış bitir. Müxalifət isə bunu kobud şəkildə pozub və təbliğat kampaniyası başlamamışdan onlar kampaniyaya başlayıb. Əlbəttə ki, qanunları pozmaq ənənəsinə sadiq qalan radikal müxalifət bu dəfə də "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müddəalarını kobud şəkildə pozmağa başlayıb.

Öncə qeyd edək ki, müxalifətin Azərbaycanda sosial bazası həddindən artıq az olduğundan, onların geniş mitinqlər keçirmək imkanlarını məhdudlaşdırır. Ona görə də, radikallar hər dəfə çalışırlar ki, şəhərin mərkəzində, insanların gur olduğu məkanlarda mitinq keçirsinlər və qarşıdurmalar yaratsınlar. Bu isə Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 8-ci maddəsində göstərildiyi kimi, "ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir". Bu səbəbdən də, ölkədə ictimai asayişi təmin edən polislər məcburən bu cür piketlərin və mitinqlərin qarşısını alır. Məhz belə bir vəziyyətdə mitinq keçirmək üçün yerin olmadığını bəhanə edən müxalifətə meydan da verildi. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 9-cu maddəsinə uyğun olaraq, - "yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün təklif olunan yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər" - 20-ci dairənin yaxınlığında yer ayrıldı. Lakin müxalifət həmin ərazidə yerləşən futbol meydançasını doldura bilmədi, hətta orada keçirilmiş mitinqlərdən sonra belə bir deyim də formalaşmışdı ki, "müxalifət meydana bir toyun iştirakçıları qədər də adam yığa bilmədi".

Sonradan müxalifət iddia etməyə başladı ki, ayrılmış yer şəhərin mərkəzindən kənarda yerləşir və bu səbəbdən də, hakimiyyət bir daha demokratik təbiətini nümayiş etdirərək, şəhərin mərkəzində mitinqlərin keçirilməsi üçün yer ayırdı. Bu dəfə də meydana 1000 nəfərədək insan toplaya bilməyən radikal müxalifət artıq çarəsiz qalıb təxribatların törədilməsinə əl atmağa başlayıb. Belə ki, "Milli Şura"nın keçirdiyi son mitinqlərdə açıq-aşkar təhqirlərə yol verildi. Bu isə həm qanunla qadağandır, həm də vətəndaşların hiddətinə səbəb olur. Belə vəziyyətdə, təbii ki, "Milli Şura"nın söylədiyi məsuliyyətsiz sözlərə görə, ciddi qarşıdurmalar da baş verə bilər. Bunun da məsuliyytinin ancaq radikal müxalifətin üzərində olacağı gün kimi aydındır. Lakin hər dəfə şər və böhtanla işin içindən çıxmağa çalışan radikallar bu dəfə də məsuliyyətdən yayına bilərlər. Ona görə də, radikal müxalifətin bu cür məsuliyyətsiz hərəkətlərinin qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır. Elə bu cür dəyişiklik "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda da öz əksini tapsa yaxşı olardı.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tətbiqinə yenidən baxılması təklif olunub. Siyavuş Novruzov bildirib ki, son vaxtlar bu qanunun tələbləri ciddi şəkildə pozulur. Onun sözlərinə görə, bir vaxtlar müxalifət mitinq keçirmək üçün yerin olmamasından şikayət edib: "Artıq mitinq keçirmək üçün şəhərin mərkəzinə yaxın yer ayrılıb və hər kəs istədiyi vaxt aksiya keçirə bilir. Lakin görünən odur ki, onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır. Çünki onlar hər dəfə toplaşdıqca sərbəst toplaşmaqla bağlı bütün qaydaları ciddi şəkildə pozur, şəxsiyyət təhqir olunur, çıxışları isə şər və böhtan xarakterli olur. Bu da onların hərəkətlərinin, məqsədlərinin qarşıdurmaya aparmasından xəbər verir. Ona görə də biz bunun qarşısını almaq üçün "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə yenidən baxmalıyıq. Hər kəs azad şəkildə toplaşa bilər, lakin onların bu istəyi qanunun tələblərinə hörmət etmək şərti ilə baş tuta bilər".

Bir sözlə, artıq zaman yetişib ki, qanunvericilikdə dəyişikliklər edilsin və radikal müxalifətin xarici direktivlərə uyğun olaraq, ölkədə təxribatlara yol verə bilməsin.

"Səs" Analitik Qrupu

Digər xəbərlər