Musa Quliyev: "Ümid edirəm ki, bununla kimsəsiz uşaqların təhsil problemləri ən yüksək səviyyədə həll ediləcək"
Elmira Axundova: "Bu qərar kimsəsiz uşaqların ali təhsil almaq imkanlarını daha da genişləndirəcək"
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad edildilər. Bununla bağlı Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi" və "Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi" nə müvafiq dəyişikliklər edib. Bu dəyişliklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib. Əslində kimsəsiz uşaqların təhsil haqqından azad olunması məsələsi dəfələrlə ictimai müzakirəyə çıxarıldığından parlamentdə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanun qəbul olunub. Qanun qəbul olunandan sonra valideyn himayəsindən məhrum olan uşaqlar onlarla bağlı bir sıra imtiyazların tətbiq ediləcəyini gözləyirdilər. Həmin sənədə əsasən, bütün dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində bu qəbildən olan uşaqlar həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər.
Məsələyə münasibət bildirən millət vəkilləri hökümətin bu qərarını əhalinin sosial təminatının gücləndirilməsi yönündə görülən növbəti müsbət addımı kimi qiymətləndirdilər.
Millət vəkili Musa Quliyev:
- Bu qanun layihəsi Cənab Prezidentin aztəminatlı ailələrə, o cümlədən valideyn himayəsindən məhrum olunmuş uşaqlara diqqət və qayğısının təcəssümüdür. Cari ilin yaz sessiyasında sözügedən qanun layihəsi müzakirə olunması üçün Milli Məclisə göndərilib və müzakirə olunaraq qəbul olunub. Nazirlər Kabinetinin qəbul etdiyi qərarla artıq qanunun icrasına başlanılıb. Ümid edirəm ki, bununla kimsəsiz uşaqların təhsil problemləri ən yüksək səviyyədə həll ediləcək. Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların mənzil və iş problemləri də dövlət orqanlarının nəzarətindədir. Bu uşaqlar dövlət müəssisələrində 18 yaşlarını tamamladıqdan sonra müvafiq icra hakimiyyəti orqanları tərəfindən yataqxana və ya mənzillə təmin olunurlar. Onların işlə təmin olunması məsələsi isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkəti tərəfindən öz həllini tapır. Belə ki, Neft Şirkəti bu kateqoriyadan olan insanları iş yerləri ilə təmin edir, onların neft sahəsində peşə təhsillərinin artırılması üçün şərait yaradır. Bütün bunlar bir daha təsdiq edir ki, dövlət bu insanlara qayğısını əsirgəmir.
Millət vəkili Elmira Axundova:
-Bu qərar kimsəsiz uşaqların ali təhsil almaq imkanlarını daha da genişləndirəcək. Çünki bugünkü cəmiyyətimizdə valideyinini itirmiş, amma ali təhsil almaq istəyən uşaqların sayı olduqca çoxdur. Hər il Azərbaycanda ali məktəbə qəbul olan təxminən 200-ə yaxın kimsəsiz uşaqdan 20-25 nəfəri ödənişli fakültələrə daxil olur. Bəzən bu uşaqları himayə edən yaxınlarının imkanı onlara ali təhsil verməyə çatmır. Məhz bu səbəbdən də bu qanun layihəsinin icrası həmin uşaqların təhsil məsələlərinin həlli istiqamətində böyük dəstək oldu. Eyni zamanda, kimsəsiz uşaqlara rezidentura və doktorantura pilləsində də güzəşt olunması bu uşaqların təhsil almaq imkanlarını daha da genişləndirdi. Mən bir millət vəkili kimi ali məktəblərdə ödənişli təhsilin ləğv olunması təklifini irəli sürürəm. Yaxşı olardı ki, bu layihə əhalinin bir neçə kateqoriyasına deyil, hər kəsə şamil olunsun. Yəni, ailənin sosial durumu nəzərə alınmalı və həmin ailənin övladı ödənişli təhsildən azad olunmalıdır.
İntizarə Məmmədova