PDF Oxu

Siyasət

  • 31

“Aljazeera English” internet portalında “Azərbaycan beynəlxalq birliyin dəstəyinə layiqdir” adlı məqalə dərc olunmuşdur

“Aljazeera English” internet portalında “Azərbaycan beynəlxalq birliyin dəstəyinə layiqdir” adlı məqalə dərc olunmuşdur

"Aljazeera English" internet portalı oktyabrın 30-da Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun "Azərbaycan beynəlxalq birliyin dəstəyinə layiqdir" adlı məqaləsini dərc etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin xarici müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirildiyi xüsusi qeyd olunmuşdur. Səfir diqqətə çatdırmışdır ki, demokratik ənənələr Azərbaycana yad deyildir. Hələ 1918-ci ildə çətin geostrateji şəraitdə Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik respublika yaratmışdır. Məhz bu respublikanın mövcudluğu ərzində yaradılmış sağlam özül əsasında müasir Azərbaycan Respublikası mükəmməl demokratik sistemin formalaşdırılması istiqamətində addımlar atmaqdadır. Azərbaycan gənc demokratik ölkədir və möhkəm vətəndaş cəmiyyətinin yaradılması ideyalarına sadiqdir.

Məqalədə Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar nəticəsində əldə edilmiş nailiyyətlərdən də geniş bəhs olunmuş, ölkədə yoxsulluğun səviyyəsinin kəskin şəkildə azaldığı, açıq və sağlam işgüzar mühitin formalaşdığı vurğulanmışdır. Maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, o cümlədən minlərlə gəncin dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərinə təhsil almağa göndərildiyi qeyd edilmişdir. Eyni zamanda, şəffaflığın artırılması məqsədi ilə "ASAN Xidmət"in təsis edildiyi və bunun nəticəsində müxtəlif xidmətlərdən istifadənin asanlaşdığı, elektron idarəetmə sahəsində yeniliklərin tətbiqinə şərait yaradıldığı vurğulanmışdır.

Səfir təəssüf hissi ilə vurğulamışdır ki, Azərbaycanı əsassız tənqid edənlər insanların yaşayışında ciddi dəyişiklik edən bu kimi müsbət amilləri nəzərə almırlar.

Məqalədə Azərbaycanın beynəlxalq birliyin məsuliyyətli üzvü olduğu, beynəlxalq hüquqa hörmət etdiyi və iki il öncə beynəlxalq birliyin böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi diqqətə çatdırılmışdır. Ötən iki il ərzində Azərbaycanın beynəlxalq sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verdiyi, gənc respublikanın beynəlxalq humanitar fəaliyyətini genişləndirmək məqsədilə xüsusi bir qurum - Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyini təsis edərək müxtəlif ölkələrdə humanitar aksiyalar keçirdiyi qeyd olunmuşdur.

Prezident seçkilərindən bəhs edən səfir F.Qurbanov bildirmişdir ki, hər bir demokratik ölkədə xalqın rəyi əsasdır və məhz 9 oktyabr seçkilərində də Azərbaycan xalqının iradəsi qələbə qazanmışdır. Azərbaycan hökuməti ölkədə demokratiyanın inkişafına sadiqdir və bu istiqamətdə inamla irəliləyir.

AzərTAc

Digər xəbərlər