PDF Oxu

Siyasət

  • 19

Səfir: "Orxan Zeynalov cinayət törədibsə cəzasını alacaq"

Səfir: "Orxan Zeynalov cinayət törədibsə cəzasını alacaq"

"Orxan Zeynalovun hüquqlarının müdafiəsi üçün vəkil tutulub, bizim konsulluq onunla görüşüb və öz şikayətlərini edib. Biz də edilən şikayətləri lazım olan təşkilatlara çatdırmışıq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.Səfir bildirib ki, bu məsələ hüquq çərçivəsində davam edir: "Yaxınlarda məhkəmə prosesi başlamalıdır. Əgər, bu insan cinayət törədibsə, təbii ki, cəzasını alacaq. Artıq bunu istintaq, məhkəmə göstərəcək. Biz məsələyə nəzarət edən Rusiyanın bütün təşkilatlarına müraciət etmişik, onun haqqında rəsmi olaraq həmin ölkənin XİN-inə iki nota vermişik. Bunun nəticəsi olaraq, konsulluq və səfirliyin məsul işçiləri onunla əlaqədədirlər, məsələ nəzarətdədir. Səfirlik olaraq vəzifəmiz vətəndaşlarımızın hüquqlarını müdafiə etməkdir. Miqrantlarla bağlı digər məsələlərə gəlincə, bildirmək istəyirəm ki, orada miqrantlarla bağlı siyasət sərtləşib. Bu sərtlik yalnız azərbaycanlılara qarşı deyil. Sənədlər yoxlanılır, qeydiyyatdan keçmə və s. məsələlərə daha sərt yanaşırlar. Təbii, bu, Rusiyanın daxili problemidir. Rusiya böyük ölkədir, orada işçi qüvvəsi çatmır və bu çox ciddi problemdir. Məsələn, qarşıdan qış gəlir. Küçələri qardan təmizləmək lazımdır. Kimsə küçələri süpürməli, bazarlarda işləməlidir. Təbii ki, biz bu işlərə qarışa bilmərik, çünki bu onların öz daxili işidir. Lakin inanıram ki, bu məsələ müvafiq qaydada tənzimlənəcək".P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərində problem yoxdur: "Dövlətlərimiz arasında heç bir problem yoxdur. Sadəcə iki ölkə arasında ictimai problemlər var. Sirr deyil ki, bəzi miqrantlar özlərini düzgün aparmır, bəziləri isə cinayət törədirlər. Bu yaxınlarda bir azərbaycanlı bıçaqla başqa birisinin gözünü çıxardı. Çox heyif ki, belə hadisələr qaçılmazdır. Lakin belə məsələləri siyasiləşdirmək, millətlərarası, dövlətlərarası problem kimi qələmə vermək düzgün deyil. Vətəndaş hansısa hadisə törədibsə, o, hüquq çərçivəsində cəzasını almalıdır. Rusiya xarici ölkədir və sərt qanunları var. Moskva bizim ölkənin paytaxtı deyil ki, istənilən vaxt təyyarəyə minib ora gəzməyə, kef çəkməyə və ya işləməyə gedəsən. Ora gedənlər əvvəlcə Rusiya qanunlarını öyrənməlidir".

sia.az

Digər xəbərlər