Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.
Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardır. İki gün ərzində Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil ediləcəkdir. Humanitar Forumda "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" və digər mövzularda "dəyirmi masa"lar keçiriləcəkdir. Həmçinin postmodern dövründə milli özünüdərk, davamlı inkişaf və ekoloji sivilizasiya, molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri, qloballaşan informasiya məkanında medianın aktual məsələləri müzakirələr olunacaqdır. Forumun rəsmi açılışında çıxış edən Prezident İlham Əliyev artıq bu tədbirin gözəl ənənəyə çevrildiyini, ölkəmizdə beynəlxalq əməkdaşlıq məsələlərinə böyük diqqət göstərildiyini və humanitar əməkdaşlığın xalqları, ölkələri birləşdirdiyini söylədi. Forumun işinə böyük marağın olduğunu, burada 70 ölkədən 800-ə yaxın nümayəndənin iştirak etdiyini deyən dövlətimizin başçısı bu gün Bakıda siyasi, iqtisadi və humanitar məsələlərin uğurla müzakirə edildiyini, son illərdə Azərbaycan paytaxtının beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mərkəzlərdən birinə çevrildiyini dedi.
"Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi təbiidir. Çünki ölkəmizdə bütün millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır", - deyən Prezident İlham Əliyev ölkəmizin bütün dövrlərdə tolerantlıq məkanı kimi tanındığını və müasir Azərbaycanın da bu təməllər üzərində qurulduğunu bildirdi. Prezident İlham Əliyev multikulturalizm mövzusunun budəfəki forumun mərkəzində yerləşdiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti ilə yanaşı, həm də həyat tərzidir və bununla bağlı prinsiplər cəmiyyət tərəfindən dəstəklənir. Multikulturalizmin gələcəyi ilə bağlı bəzən səslənən fikirlərin təəssüf doğurduğunu deyən dövlətimizin başçısı bununla əlaqədar müsbət təcrübənin dəstəklənməsinin vacib olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, hazırda dünyada multikulturalizmin mühüm məkanları vardır və Humanitar Forumun Bakıda keçirilməsi bu istiqamətdə Azərbaycanda toplanan təcrübəni göstərir: "Bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur.
Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilibdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilibdir. Bu məscidin 1270 yaşı vardır. Yəni, bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir. Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir.
Bir daha qeyd etmək istəyirəm, təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir. Əminəm ki, Forumun gözəl gələcəyi olacaqdır və bu beynəlxalq əməkdaşlıq platforması dünyada gedən müsbət proseslərə müsbət təsirini göstərəcəkdir. Forumun çox geniş gündəliyi vardır, çox maraqlı mövzular müzakirə ediləcəkdir. Ancaq mənə verilən məlumata görə, ən böyük maraq doğuran bölmə, "dəyirmi masa" multikulturalizmlə bağlı olan məsələlərdir. Deyə bilərəm ki, Forumun mərkəzində məhz bu mövzu yerləşir. Çünki bu mövzu daim diqqət tələb edir və bu mövzu ilə bağlı dünyada müxtəlif fikirlər vardır. Əlbəttə, müsbət təcrübə də, mənfi təcrübə də vardır. Hesab edirəm ki, bizim hamımızın işi ondan ibarət olmalıdır ki, multikulturalizmin müsbət tərəfini qeyd edək, onları təbliğ edək və dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyi aradan götürək. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yəni, bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda multikulturalizmlə bağlı problemlər əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir. Biz bu problemləri gizlətməməliyik, ört-basdır etməməliyik. Onlar açıq şəkildə müzakirə edilməlidir, müsbət, mənfi təcrübələr təhlil olunmalıdır. Bir daha demək istəyirəm, bizim əsas amalımız ondan ibarət olmalıdır ki, multimədəniyyətli cəmiyyətlərin inkişafı üçün öz töhfəmizi verək. Deyə bilərəm ki, Azərbaycanda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir. Qeyd etdiyim kimi, bu, bizim dövlət siyasətimizdir, həyat tərzimizdir."
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin humanitar fəlakətlə üzləşdiyini deyən Prezident İlham Əliyev torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, mədəni və tarixi abidələrimizin dağıdıldığını bildirdi: "Əfsuslar olsun Azərbaycan humanitar fəlakətlə də üzləşmişdir. Uzun illərdir ki, bizim beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız işğal altındadır. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgə erməni işğalçı qüvvələrinin işğalı altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınmışdır. Torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıbdır.
Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqeyini sənədlərdə əks etdirmişlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasını tələb edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarlar, qətnamələr icra edilmir. Burada biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq. Onların qəbul etdiyi qərarlar kağızda qalır, icra edilmir. Əlbəttə, bu, dözülməz bir faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır. Məsələ ilə bağlı danışıqlar aparılır və əlbəttə ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Bir milyondan artıq qaçqın və köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Bu, onların fundamental hüquqlarıdır. Bu münaqişə, eyni zamanda, insan haqlarının kobudcasına pozulması deməkdir. Bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağına qayıda bilmir. Bu çox böyük humanitar fəlakət əlbəttə ki, ölkəmizin ümumi inkişafına çox böyük zərbə vurmuşdur"
Forumun digər mövzusunun iqtisadiyyatla bağlı olduğunu deyən dövlətimizin başçısı son 10 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə, büdcə gəlirlərinin 20 dəfə, maaşların 6, pensiyaların isə 9 dəfə artdığını, bu gün Azərbaycanda yoxsulluğun 5,5, işsizliyin isə 4,8 faiz səviyyəsində olduğunu dedi, ölkədə 1 milyon 200 min yeni iş yerinin açıldığını diqqətə çatdırdı. "İqtisadiyyatın sosial və humanitar aspekti hər bir ölkənin ümumi inkişafı üçün vacibdir", - deyən Prezident İlham Əliyev Forumun mövzusu olan elmi innovasiyaların inkişafına ölkəmizdə böyük diqqət göstərildiyini, təhsilin və informasiya texnologiyalarının inkişafının diqqət mərkəzində saxlanıldığını dedi:
"Azərbaycanın bugünkü inkişafı diqqəti daha çox cəlb edir. Çünki bu inkişafı biz işğal edilmiş vəziyyətdə əldə edə bilmişik. Forumun mövzularından biri iqtisadi inkişafın humanitar aspektləridir. Hesab edirəm ki, bu, çox maraqlı bir mövzudur. Yenə də Azərbaycanın təcrübəsi burada hesab edirəm ki, maraqlı ola bilər. Çünki baxmayaraq ki, biz etnik təmizləməyə məruz qalmışıq və torpaqlarımız işğal altındadır, bir milyondan artıq qaçqın, köçkün vardır və dövlət onlara maliyyə yardımı, qayğı göstərir. Bizim iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə, dünya rekordudur. Eyni zamanda, Azərbaycanda sosial məsələlərin həllinə də böyük diqqət göstərilmişdir. Çünki köklü iqtisadi islahatlar aparılarkən bir çox hallarda insanların yaşayış səviyyəsi aşağı düşür. Azərbaycan son 20 il ərzində transformasiya dövrünü yaşamış bir ölkə kimi əlbəttə ki, bu risklərdən də özünü qorumalı idi. Çünki bizim müstəqilliyimizin cəmi 22 yaşı vardır və 22 il ərzində biz müstəqil, azad ölkə kimi fəaliyyət göstəririk. Eyni zamanda, cəmi 20 ildir ki, Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurur. Biz nəinki müstəqil deyildik, eyni zamanda, Sovet İttifaqında mövcud olan iqtisadi sistem də əlbəttə ki, səmərəli fəaliyyət göstərə bilməzdi. Ona görə bizim üçün transformasiya iki istiqamətdə gedirdi. İlk növbədə, biz dövlətçiliyin əsaslarını qoymalı, möhkəmləndirməli idik, bütün demokratik təsisatlar qurulmalı idi, Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Eyni zamanda, iqtisadi sahədə köklü islahatlar aparılmalı idi, çünki bunsuz inkişafımız mümkün olmazdı. Əlbəttə, bu islahatların aparılması bir çox hallarda insanların yaşayış səviyyəsinə mənfi təsir göstərə bilərdi. Ancaq bizim siyasətimiz və ciddi sosial siyasət ona gətirib çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda, insanların rifah halına da müsbət təsir göstərmişdir. Bunu sübut etmək üçün mən bir neçə rəqəmi misal gətirmək istəyirəm. Qeyd etdiyim kimi, iqtisadiyyat 10 ildə 3,4 dəfə artmışdır. Büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artmışdır. On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir.
Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir. Eyni zamanda, bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır. Ciddi və məqsədyönlü sosial siyasət bizə imkan verdi ki, ölkə inkişaf etsin və insanların rifah halı yaxşılaşsın. Eyni zamanda, iqtisadi sahədə bizim əsas hədəfimiz qeyri-neft iqtisadiyyatını artırmaq idi. Bu gün biz buna nail ola bilmişik. Bizim ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Davos Ümumdünya İqtisadi Forumunun reytinqinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Razılaşın ki, cəmi 20 il bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan ölkə üçün bu nailiyyət hesab edirəm tarixi nailiyyətdir."
Ölkəmizdə kosmik sənayenin, internet resurslarının inkişaf etdiyini, bunun azad medianın da güclənməsinə mühüm təsir göstərdiyini bildirdi. 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini, bu hadisənin böyük ictimai mənasının olduğunu, 2017-ci ildə isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev Azərbaycanın bütün zamanlarda Asiya ilə Avropa arasında körpü olduğunu vurğuladı: "Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər.
Bu gün insanlar daha çox informasiyanı, xəbərləri internet vasitəsilə alırlar. Burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də əlbəttə ki, ön plana çıxır. Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur. Burada heç bir müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, mən bir vətəndaş kimi fikirlərimi bölüşmək istərdim. Medianın məsuliyyəti getdikcə artacaqdır. Məsuliyyətli yanaşma hesab edirəm ki, hər birimizin marağına xidmət göstərəcəkdir. Ümid edirəm ki, Forumda ümumiyyətlə bu məsələlərə konseptual yanaşma ilə bağlı müzakirələr aparılacaqdır. Dünyanın gələcəyi hansı istiqamətdə aparılacaqdır?! Biz hesab edirik ki, dünyanın gələcəyi yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır. Əgər belə olmasa, onda bəşəriyyət böyük fəlakətlərlə, problemlərlə üzləşə bilər. Ancaq biz müasir dünyada bəzi hallarda başqa bir mənzərə ilə üzləşirik. Hazırda dünya siyasətində etimad böhranı yaşanır. Bu da çox təhlükəli meyildir. Bəzi hallarda ən yaxın ölkələr, müttəfiqlər arasında ziddiyyətlər, anlaşılmazlıqlar yaranır. Yəni, etimad azalır. Etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Beynəlxalq əməkdaşlıq, o cümlədən siyasi və humanitar əməkdaşlıq ancaq qarşılıqlı etimad əsasında, səmimiyyət üzərində qurula bilər. Bəziləri hesab edir ki, səmimiyyət siyasi kateqoriya deyildir. Ola bilər. Ancaq biz elə etməliyik ki, səmimiyyət siyasi kateqoriyaya çevrilsin. Əgər belə olsa, onda hesab edirəm ki, dünya daha da təhlükəsiz olacaqdır." Prezident İlham Əliyev bir daha əminliyini ifadə etdi ki, bu Forum dünyada beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına müraciətini Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səsləndirdi.
BMT-nin baş katibi Pan Gi Munun müraciətini isə BMT-nin Bakıdakı rezident əlaqələndiricisi səlahiyyətlərini icra edən Daq Siqurdson diqqətə çatdırdı. Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti təqdim olundu. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada beynəlxalq humanitar əməkdaşlığa töhfə verdiyini deyən əl-Tüveycri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın mədəni-tarixi abidələrinin dağıdıldığını diqqətə çatdırdı, dünyada mövcud olan davamlı münaqişələrin həllində BMT Təhlükəsizlik Şurasını daha məsuliyyətli olmağa çağırdı. Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl də İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının inkişafı istiqamətində görülən işləri təqdir etdi. Azərbaycanın elmin və iqtisadiyyatın inkişaf mərkəzinə çevrildiyini deyən Süleyman Dəmirəl bu tərəqqidə insan amilinin mühüm yer tutduğunu bildirdi. O, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionun inkişafına mənfi təsir göstərdiyini deyərək dünyada humanitar əməkdaşlığa böyük diqqət göstərilməsinin əhəmiyyətinə toxundu.
X X X
Sonra III Bakı Beynəlxalq Humanitar Forumunun birinci plenar iclası olmuşdur. İclasda iştirak edən sabiq dövlət başçıları bir sıra məsələlərə dair fikirlərini bildirmişlər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən iclasda çıxış edən Estoniyanın sabiq Prezidenti Arnold Rüütel ölkəsində həyata keçirilən islahatlardan danışdı.
"Problemlərə humanist yanaşma dəyərlər üzərində qurulmalıdır", - deyən Arnold Rüütel vurğuladı ki, Estoniya Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramını dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. O, davamlı inkişaf, elmi-texniki innovasiyalardan geniş istifadə və sosial məsələlərin həlli ilə bağlı fikirlərini çatdırdı.
Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç bu Beynəlxalq Forumun dünyanı narahat edən ən mühüm məsələlərin müzakirəsinə həsr edildiyini dedi. Bildirdi ki, indi vahid Avropanı multikulturalizmsiz düşünmək çox çətindir. Yalnız bu halda Avropa İttifaqını səmərəli qurum kimi qəbul etmək olar, çünki dünyanın gələcəyi multikulturalizmin təmin olunmasından keçir.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku Prezident İlham Əliyevə Forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Çıxışında cəmiyyətlərdə savad və bilik məsələlərinə toxunan E.Konstantinesku bunun bütün cəmiyyətlərdə inkişafın təməli və müasir dünyanın lokomotivi olduğunu dedi.
Latviyanın keçmiş Prezidenti Valdis Zatlers də artıq III dəfədir keçirilən Forumun yüksək təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da çıxışında dünyada multikulturalizm ənənəsinin davam etdirilməsinin, onun ilk növbədə həyat tərzinə çevrilməsinin vacibliyini vurğuladı, bu məsələdə Latviya təcrübəsini Forum iştirakçıları ilə paylaşdı.
Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. "Bakı Humanitar Forumu ideyaların və təcrübə mübadiləsinin bir növ laboratoriyasıdır", - deyən Georgi Pırvanov iqtisadi münasibətlərdən danışarkən enerji və nəqliyyat məsələlərinə xüsusi diqqət ayırdı. O, Forum iştirakçılarının tərkibinin intellektual baxımından müzakirələrin uğurlu alınacağına təminat verdiyini dedi.
"Bakı ildən-ilə öz əhəmiyyətini artırır. Əminəm ki, bu cür nüfuzlu şəxsləri bir araya gətirərək müxtəlif mövzular üzrə müzakirələrin aparılması vacibdir". Bu sözləri isə Serbiyanın keçmiş Prezidenti Boris Tadiç dedi. O, beynəlxalq ictimaiyyəti təhdid edən münaqişələrin həllinin vacibliyinə diqqəti cəlb edərək bildirdi ki, indi dünya birliyinin əvvəlki kimi təsiredici təəssürat bağışlamaması təəssüf doğurur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müzakirələrə qoşularaq Prezident İlham Əliyevin nitqində səsləndirdiyi multikulturalizm ideyasının əslində bütün çıxışların təməl prinsipinə çevrildiyini, bununla bağlı Avropa ənənəsinin diqqət mərkəzində olduğunu dedi. Nazir bildirdi ki, sabiq dövlət başçılarının səsləndirdiyi fikirlər bir daha multikulturalizmin alternativinin olmadığını təsdiqləyir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin şəffaf, ədalətli və obyektiv keçdiyini dedi və seçki günü apardıqları müşahidələrin də bunu təsdiqlədiyini vurğuladı. Forumun ənənəvi hal almasını yüksək dəyərləndirən Xəlil Akıncı son illərdə rəhbərlik etdiyi təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrdən danışdı.