Noyabrın 11-12-də Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində MDB ölkələrinin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcəkdir.
Tədbirin gündəliyinin layihəsinə 10-dan çox məsələ daxil edilmişdir. Şura üzvləri bundan əvvəlki iclasın qərarlarının yerinə yetirilməsinə, MDB ölkələrinin X Beynəlxalq "Kitab sənəti" müsabiqəsinə yekun vurmaq, Çap məhsullarının mübadiləsi üçün əlverişli şərait yaradılması haqqında Sazişin layihəsini müzakirə etmək niyyətindədirlər.
İclasda həmçinin, Birlik ölkələrinin kitab ticarəti müəssisələri arasında müsabiqəsi, MDB üzvü olan dövlətlərdə Kitab Satış-Yarmarkalarının Təşkilatçıları Şurasının və təşkilatın üzvü olan ölkələrin Kitab Palatalarının Rəhbərləri Şurasının fəaliyyəti ilə bağlı məsələləri nəzərdən keçirmək planlaşdırılır.
Bundan əlavə, Şura üzvləri "Ürəklər bir döyünəndə" adlı naşirlik layihəsini, 2014-cü ilin fevral ayında XXI Minsk beynəlxalq kitab yarmarka-sərgisinin keçirilməsini və bir sıra başqa məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, MDB ölkələrinin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurası 1999-cu ildə yaradılmışdır. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistan nümayəndələri daxildir. Şura xətti ilə keçirilən tədbirlərdə Türkmənistan, Özbəkistan və Ukrayna nümayəndələri də iştirak edir.
yap.org.az