Azərbaycanın iqtisadi inkişafı bu ölkəyə səfərə gələn hər kəsdə böyük təəssürat yaradır. Mən Heydər Əliyev Fondu tərəfindən Romanın Kapitolini Muzeyində təmir işlərinin həyata keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm.
Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqranda AzərTAc-a müsahibəsində demişdir.
Dialoq, müzakirə, debatların keçirilməsi baxımından forumun əhəmiyyətinə toxunan P.Kasaqranda belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin sabiq prezidentlərinin iştirakını Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını vurğulamışdır.
Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirən P.Kasaqranda, ölkəmizin geosiyasi mövqeyinin bütün dövlətlər üçün açıq olduğunu qeyd edərək demişdir: "Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Ölkəniz, həmçinin qadınlara səsvermə hüququ verən ilk ölkədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu bir daha ölkənizin bütün dinlərə sayğı ilə yanaşdığını nümayiş etdirir. Bütün dünyada tolerantlığı ilə hörmət qazanmış Azərbaycanda dövlət-din münasibətləri müvəffəqiyyətlə tənzimlənir".
yap.org.az