Bu gün Milli Məclisin sədri Oqtay Əsədov III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn Braziliya parlamentinin deputatı, Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Klaudio Kajado ilə görüşüb. SİA-nın məlumatına görə, qonağı ikinci dəfə Azərbaycanda görməkdən məmnunluğunu bildirən O. Əsədov, rəsmi Bakının Braziliya ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.Onun sözlərinə görə, hazırda iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir: "Üç il əvvəl dövlətlərimiz arasında ticarət dövriyyəsi 183 milyon dollar həcmində olub. Cari ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi isə 16 faiz artıb. Lakin bununla kifayətlənmək olmaz. Ölkələrimiz arasında əlaqələrin daha da irəliyə aparılması üçün böyük potensial var. Bu potensialdan səmərəli istifadə hər iki dövlətin milli maraqları üçün faydalı olar. İqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iş adamlarının və biznes strukturlarının qarşılıqlı səfərlərini təşkil etmək vacibdir".Milli Məclisin sədri Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun yaradılmasını yüksək qiymətləndirib.Səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Klaudio Kajado Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb, bu mötəbər tədbirdə müzakirə olunan məsələlərin aktual xarakter daşıdığını bildirib: "Azərbaycanın iqtisadi inkişafı özünü qabarıq şəkildə büruzə verməkdədir. Bu inkişaf ölkənin siyasi müstəqilliyinin qarantı olub".Cari ilin əvvəlində Azərbaycana etdiyi səfərdən məmnun qaldığını və ötən müddət ərzində Bakının daha da gözəlləşdiyini deyən qonaq, ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılması üçün səylə çalışacağını bildirib.
sia.az