Səlcuq Müzəffərli: "Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir"
Respublikamızda hər bir sahəyə göstərilən diqqət və qayğı göz önündədir. Bu sahələrdən biri də gənclər sahəsidir ki, dövlətimiz bu sahəyə də xüsusi qayğı ilə yanaşır. Gənclərimiz bu qayğıdan olduqca məmnundurlar. Belə ki, müsahiblərimiz göstərilən diqqət və qayğıdan danışdılar.
Asif Əsgərli,
Azərbaycan Demokratik Tələbə-Gənclər Təşkilatının sədri:
- Azərbaycanda uğurla həyata keçirilən dövlət-gənclər siyasəti 2 istiqamətdə aparılır. Birinci istiqamət hökumət strukturları, buraya Gənclər və İdman Nazirliyi, onun yerli idarələri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı vasitəsilə həyata keçirilən işlərdir ki, bu sahədə çox böyük uğurlar və tərəqqi açıq hiss edilməkdədir. Təkcə onu demək kifayətdir ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı proqramı bənd-bənd ardıcıllıqla və real nəticələrlə icra olunur. Proqrama uyğun Gənclər Fondunun yaradılması və mobil fəaliyyəti, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər Mərkəzlərinin və Gənclər Evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri də Azərbaycan gənclərinə hökumət vəsaiti ilə xarici ölkələrdə nüfuzlu ali məktəblərdə oxumağa imkan və şəraitin yaradılmasıdır ki, bu gün bundan 10 000-ə yaxın gənc faydalanır. İkinci istiqamət olaraq Azərbaycanda qeyri-hökumət gənclər təşkilatları vasitəsilə həyata keçirilən gənclər işidir ki, bu sahədə də çoxlu sayda qurum aktiv şəkildə öz fəaliyyətlərini qurur. Məhz dövlətin hərtərəfli dəstəyi ilə ölkəmizdə gənclər təşkilatları dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə öz töhfələrini verə bilirlər. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arealda layihələr həyata keçirir, ölkəmizin gənclər işini layiqincə tanıdır və Bakını dünya miqyaslı gənclər platformalarının ev sahibliyinə çevirirlər.
Səlcuq Müzəffərli,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının YAP gənclər birliyinin sədri:
- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Fikrimizcə, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları da artır. Əhalinin siyasi biliyinin və yüksək siyasi mədəniyyətinin olması ölkədaxili sabitliyin təminatçısıdır. Vətəndaşların, o cümlədən gənclərin qanunlar çərçivəsində dövlətin problemlərinə biganə qalmaması, ölkədə baş verən siyasi proseslərə maraq göstərməsi, dövlətçiliyə xələl gətirəcək proseslərə qarşı mübarizədə dövlət orqanlarına köməklik göstərməsi hazırkı dövrdə olduqca vacibdir.
Cahid Süleymanov