"Azərbaycan artıq beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Bu da paytaxt Bakının dünya miqyasında inkişaf etmiş, təhlükəsiz bir şəhər olduğunu sübut edir". Bu sözləri SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ölkəmizdə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, dünyanın tanınan siyasətçiləri, məşhur xadimləri, eks prezidentləri, baş nazirlərin, öz ölkələrində söz sahibi olan insanların bu forumda iştirak etməsi və forumda müzakirə edilən məsələlərin həlli yolları istiqamətində atılan addımların Bakıdan ətrafa yayılması Azərbaycan üçün əhəmiyyətlidir: "Azərbaycan təkcə bu cür forumların deyil, sivilizasiyaların qovuşduğu, ortaq dəyərlərin tapıldığı bir məkana çevrilib. Azərbaycan yaxın vaxtlarda Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək ki, bu da ölkəmizə olan diqqətin, etimadın ifadəsidir. Ümumiyyətlə, beynəlxalq tədbirlər və yarışların Azərbaycanda keçirilməsi o deməkdir ki, ölkəmiz regionda lider ölkədən dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir".Millət vəkili həmçinin bildirib ki, bu cür tədbirlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi önəmi var: "Beynəlxalq tribunalarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlar bizim üçün çox mühümdür. Ona görə ki, orada iştrak edən xarici ölkə nümayəndələri bu barədə geniş məlumat əldə edir və öz ölkələrinə qayıtdıqdan sonra məsələ ilə bağlı fikirlərini səsləndirirlər. Təbii ki, bu da Azərbaycanın mövqeyini bir daha möhkəmləndirir. Əgər Ermənistan qeyri-konsruktiv mövqeyini davam etdirsə, o zaman Azrbaycan hərbi yola əl atmalı olacaq. Belə olan halda, dünya ictimaiyyəti Azərbaycanı deyil, Ermənistanı qınayacaq. Ölkəmizə qarşı hər hansı bir dövlətin iradı və ittihamı ola bilməz. Bu səbəbdən də biz bütün tribunalardan istifadə edərək, Ermənistana qarşı mübarizəmizi daha prinsipal, ciddi şəkildə davam etdirməliyik".
sia.az