Gələn il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat, 2012-ci ili faktiki göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyon manat çox nəzərdə tutulur. Bu sözləri maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov bildirib ki, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq. Onun sözlərinə görə, Dövlət Neft Fondundan edilən transfer nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat çox nəzərdə tutulur.
"Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfer nəzərdə tutulur. Yəni transferin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Gələn ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük komitəsində dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma praqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur. 2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaq. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək" - deyə, nazir vurğulayıb.
yap.org.az