PDF Oxu

Siyasət

  • 18

Həmsədrlərin növbəti görüşü proqnozlar nəyi göstərir

Həmsədrlərin növbəti görüşü proqnozlar nəyi göstərir

Asəf Hacıyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun illərdir fəaliyyəti olsa da, nəticə yoxdur"

Bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri olub. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində həmsədrlər ilk öncə Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ ətrafında müzakirələr aparılıb, bir sıra məqamlara aydınlıq gətirilib. Bundan sonra həmsdrlər Yerevana da səfər ediblər.Məsələ ilə bağlı YAP-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev verdiyi ekskluziv müsahibəsində bildirib ki, ATƏT Minsk Qrupu illərdir ki, nəticəsiz fəaliyyət göstərir: "Bu gün ATƏT-in Minsk Qrupuna səslənən iradlar haqlıdır. Məsələ də ondadır ki, neçə ildir fəaliyyət var, amma nəticə yoxdur. Çünki torpaqlarımız bu günə qədər də işğal altında qalmaqdadır. Biz çox sevinərdik ki, bu ölkələrin vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Amma bu irəliləyişi görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq".Millət vəkili onu da vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə mütəmadi olaraq səfər edir: "Həmsədrlərin fəaliyyəti, həm də ölü bir quruma bənzəyir. Hər dəfə regiona səfərdən sonra böyük bir məruzə hazırlayırlar. Verdikləri bəyanatlar heç bir ciddi xarakter daşımır, əgər daşısaydı yəqin ki, bu vaxta qədər münaqişənin həllində hansısa bir irəliləyiş olardı. İkinci bir tərəfdən, əgər onların dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, deməli həmin təşkilat da bunu tanımalıdır. Təəssüflər olsun ki, 21 illik danışıqlara baxmayaraq, ATƏT-in Minsk qrupu hələ də bu məsələ barədə heç bir uğur əldə edə bilməyib, münaqişə çözülməmiş qalır".Asəf Hacıyev hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri daha səylə çalışmalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa real bir qərara gəlməlidirlər: "Hər dəfə eyni səfərlər, eyni bəyanatlar, eyni məruzələr... İrəliləyişin müşahidə olunmaması artıq səbrimizi tükədib. Görünür, Minsk qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa yönəlib".Millət vəkili, həmçinin bildirib ki, Ermənistan tərəfinin qarşısına tələblər qoyulmalıdır ki, hərbi qüvvələrini Azərbaycan torpaqlarından çıxarsın: "Əgər qarşı tərəf buna məhəl qoymasa, dərhal işğalçı ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Amma nədənsə ATƏT-in Minsk qrupu bunu etmir. Bu mənada hesab edirəm ki, əgər onlar Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin apardığı siyasəti qəbul edirlərsə, buna da əməl etməlidirlər".

sia.az

Digər xəbərlər