Meksikanın İberoamerikano Universitetinin beynəlxalq əlaqələr fakültəsinin Yaxın Şərq və Qafqaz araşdırmaları bölməsində "Azərbaycanın enerji əhəmiyyəti" mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, konfransda çıxış edən səfir İlqar Muxtarov bildirmişdir ki, dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur.
Konfransda vurğulanmışdır ki, Azərbaycanın neft sənayesi 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Azərbaycan xalqı yalnız XX əsrin sonlarında - müstəqillik qazandıqdan sonra bu sərvətlərdən istifadə etmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən ümummilli lider Heydər Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində bu gün neftdən gələn gəlirlər Azərbaycanın iqtisadi tərəqqinsə, xalqın rifahının yüksəlməsinə xidmət edir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın neft strategiyasının əsas istiqamətlərindən biri ölkəmizin enerji resurslarının dünya bazarına nəqlidir. Azərbaycanın mənafelərinin təminatı, beynəlxalq iqtisadi əməkdaşlığının inkişafı, əhəmiyyətli əsas ixrac boru kəməri layihələrinin reallaşdırılması üçün mühüm işlər görülmüş və uğurlu nəticələr əldə edilmişdir.
Tədbirdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində önəmli rol oynaması barədə ətraflı danışılmışdır.
Konfransda, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunmuşdur. Bildirilmişdir ki, əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunarsa, Ermənistan da regionda həyata keçirilən layihələrdən faydalana bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc