Bu gün Azərbaycan regionda lider dövlətlərdən və dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycan nəinki regionda, həm də Avropa məkanında öz layiqli yerini tutmuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Roma Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Ferdinando Nelli Feroçi jurnalistlərə müsahibəsində demişdir.
F.Feroçi bildirmişdir ki, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu siyasi, iqtisadi və humanitar sahələrdə mövcud problemlərin müzakirəsi və həlli baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan F.Feroçi bildirmişdir ki, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması, sahibkarlıq təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi Azərbaycanın gələcək inkişafı üçün geniş imkanlar açır.
AzərTAc