Cari ilin 6-8 noyabrında Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində "Yeni İpək Yolu" II Beynəlxalq nəqliyyat və logistika biznes-forumu keçiriləcəkdir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Qazaxıstan Respublikasının dövlət orqanlarının, MDB ölkələrinin dəmir yolu təşkilatlarının, müxtəlif ölkələrin nəqliyyat şirkətlərinin, maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.
Forumda dövlət orqanları tərəfindən nəqliyyat və logistika sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticələri, Qazaxıstanın Avrasiya qitəsində ticari-iqtisadi münasibətlərin inkişafında əsas rolu, Şərq-Qərb dəhlizi istiqamətində dəniz və quru nəqliyyatının tarixi rəqabəti, TRASEKA - Avropanın siyasi və iqtisadi layihəsi, beynəlxalq layihənin inkişaf perspektivləri (Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan) və digər məsələlər müzakirə olunacaqdır.
Eyni zamanda, biznes-forum çərçivəsində Nəqliyyat- Logistika Assosiasiyasının ("Kazlogistics") birinci qurultayı da reallaşacaqdır.
Forumda ölkəmizi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
yap.org.az