"Regionda bir çox iri layihələrə imza atan Azərbaycanla Gürcüstan arasında dostluq münasibətləri hər zaman yüksək səviyyədə olub". Bu barədə millət vəkili Vahid Əhmədov SİA-ya Gürcüstan-Azərbaycan münasibtlərinə toxunarkən bildirib.Gürcüstanın regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğunu vurğulayan millət vəkili onu da bildirib ki, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinə birgə imza atan bu müttəfiqlər eyni zamanda, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində də ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirir: "Bu ilin oktyabr ayında Gürcüstanda keçirilən prezident seçkilərindən sonra Bakıdan Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək Bakı-Tbilisi-Qars dəmiryolunun aqibəti haqqında müxtəlif fikirlər səsləndirilir. Eyni zamanda Abxaziya və Gürcüstandan keçməklə Ermənistana uzanan və 20 ildir işləməyən Abxaziya dəmiryolunun açılması da Gürcüstanın gündəmindədir".Bu dəmiryolunun açılmasının regiona hansı təsir göstərə biləcəyi fikrinə də münasibət bildirən Vahid Əhmədov qeyd edib ki, hər hansı bir dəmiryolunun açılmasında iki ölkənin maraqlarına toxunacaq təhlükə yoxdur: "Abxaziya dəmiryolu BTQ dəmiryolu magistralının tikintisinə zidd deyil. Gürcüstan höküməti Abxaziya ərazisindən keçməklə Rusiya ilə dəmiryolu əlaqəsinin bərpa edilməsini həddindən artıq siyasiləşdirilmiş məsələ hesab edir".Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan faktiki olaraq gürcüstan ərazisindən öz neftini dünyaya ixrac etməklə Gürcüstan dövlətinə küllü miqdarda vəsait ödəyir. Gürcüstan iqtisadiyyatı Azərbaycanın hesabına ayaqdadır deyə bilərik. Ona görə də Gürcüstanda kimin prezident seçilməsindən asılı olmayaraq biz strateji müttəfiq olaraq gələcək illərdə də öz layihələrimizi davam etdirəcəyik.
sia.az