Azərbaycanda səfərdə olan moldovalı ombudsman Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının mərkəzi qərargahında və Qarabağ Araşdırmalar Mərkəzində olub. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, moldovalı ombudsman Aureliya Qriqoriu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının üzvləri ilə birgə Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub."BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır". Bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Aurelia Qriqoriu ilə görüşdə deyib."Xocalı soyqırımı ilə bağlı bəzi dövlətlər və beynəlxalq təşkilatlar iyirmi bir il ərzində susmuş, ikili mövqe nümayiş etdirsə də, moldovalı ombudsman İrəvanda rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməyib" - deyən Bayram Səfərov bildirib ki, xanım Aureliya Qriqoriu təcavüzkar ölkədə Azərbaycanın haqlı mövqeyini səsləndirməklə bir daha Ermənistanın işğalçı olmasını dünyaya sübut edib.B.Səfərov həmçinin qeyd edib ki, A.Qriqoriu özündə cürət tapıb o sözləri Ermənistanda söyləyib. Dediyi sözlərin müqabilində moldovalı ombudsman Ermənistanda qeyri-insani hərəkətlərlə üzləşib. Azərbaycanda isə A.Qriqoriu xalqımızın mədəniyyətinin şahidi olub.Milli Məclisin deputatları Elman Məmmədov və Rövşən Rzayev də moldovalı ombudsmanın Ermənistandakı çıxışından danışıblar. Azərbaycanın dost mövqeyini ombudsmana çatdıran Milli Məclisin deputatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını vurğulayıblar.A.Qriqoriu isə Xocalı soyqırımı ilə bağlı çıxışına görə nəinki İrəvanda, Moldovada da çoxsaylı təzyiqlərə məruz qaldığını, amma buna baxmayaraq, bir hüquq müdafiəçisi kimi sonadək mövqeyindən geri çəkilməyib üzərinə düşən vəzifəni şərəflə icra etdiyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daim diqqətdə saxlanılacağını deyən xanım A.Qriqoriu vurğulayıb ki, bundan sonra da bütün beynəlxalq konfranslarda da Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılacaq.Tədbirdə erməni terrorundan söhbət açan film nümayiş olunub.Moldova ombudsmanı Aureliya Qriqoriu deyib ki, mən məlum məruzəmi hazırlayanda erməni terroru ilə bağlı kifayət qədər məlumat toplamışdım. Həmin məlumatlar da məruzəmdə yer almışdı. Təsəvvür edirsiniz çıxışım zamanı zalda olan bir çox nümayəndə heyəti çaşqınlıq içində idilər. Çünki onlar Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı deyildilər. Mənim çıxışımda məqsəd bu münaqişəyə bir daha diqqəti yönəltmək idi və hesab edirəm ki, məqsədimə nail oldum.Görüşdə moldovalı ombudsman Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması tərəfindən fəxri diplomla təltif olunub.
sia.az