PDF Oxu

Siyasət

  • 37

Azərbaycan regionda iqtisadi və siyasi baxımdan əsas söz sahibinə çevrilib

Azərbaycan regionda iqtisadi və siyasi baxımdan əsas söz sahibinə çevrilib

İlham Əliyev: "Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan artıq kosmik dövlətə çevrilibdir"

Təcrübə göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, açıq xarici siyasət yürüdən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə yetişə bilirlər.

Azərbaycanın sosial-iqtisadi inkişafının mühüm mərhələsi

Son on il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsil mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizm də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarınından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilibdir. 2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 40 iqtisadiyyat arasındadır.

Şaxələndirilmiş Azərbaycan iqtisadiyyatı

Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Ötən 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir.

Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də ölkədə son dərəcə mühüm və iri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Bunun üçün isə külli məbləğdə maliyyə vəsaiti tələb olunur. Sevindirici haldır ki, ölkəmizin maliyyə imkanlarının ilbəil artması istənilən sosial və infrastruktur layihələrinin uğurla həyata keçirilməsinə imkan verir. Azərbaycanın hazırkı dövlət büdcəsi ötən 22 illik müstəqillik tariximiz üçün ən yüksək göstərici hesab olunur. Heç şübhəsiz ki, bu amil cari il üçün nəzərdə tutulmuş bütün vacib sosial və infrastruktur layihələrinin uğurla reallaşdırılmasına imkan yaradır. Həmin layihələrin siyahısının kifayət qədər geniş olması isə ona dəlalət edir ki, Azərbaycanda nəzərdə tutulmuş işlərin reallaşdırılması üçün zəngin təcrübə, siyasi iradə, ən başlıcası isə güclü maliyyə dayaqları mövcuddur.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar vardır. Böyük infrastruktur layihələrinin icra edilməsi, şəhərlərimizin abadlaşması, gözəlləşməs, insanların yaşayış səviyyəsinin yaxşılaşması ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin müsbə nəticələridir. Prezident çıxışları zamanı bildirmişdir ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan uğurla inkişaf edir: "Bizim iqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilibdir. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığa hesablanıbdır. Azərbaycanda bütün sahələr üzrə inkişaf, tərəqqi vardır. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan artıq kosmik dövlətə çevrilibdir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər