PDF Oxu

Siyasət

  • 27

Londonda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında danışılıb

Londonda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında danışılıb

Noyabrın 5-də Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ənənəvi biznes forum keçirilib.Forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbiri açan AAC-ın biznes əlaqələndiricisi Venesa Rain forum haqqında məlumat verib. Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edən V.Rain ölkəmizdə son illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb. Təmsil etdiyi qurum haqqında da məlumat verən xanım V.Rein AAC-ın Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin daha da inkişafına verdiyi töhfələrini diqqətə çatdırıb.Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin son illərdə bütün sahələrdə sürətli inkişafı haqqında statistik rəqəmlərlə ətraflı məlumat verib. Qeyd edilib ki, ümumi daxili məhsulun adambaşına düşən həcmində ötən illərlə müqayisədə xeyli artım müşahidə edilib. Neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafından bəhs edən səfir sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, turizm və digər sahələrdə artım olduğunu vurğulayıb. İnflyasiyanın azaldığı, iqtisadiyyata yatırılan investisiyanın isə artırıldığı bildirilib.Azərbaycanın təbii qaz ixracı potensialı haqqında danışan F.Qurbanov TANAP layihəsi haqqında məlumat verib, "Şahdəniz" yatağından təbii qazın Avropa bazarlarına nəqlini təmin edəcək layihənin həm Azərbaycanın, həm də Avropa dövlətlərinin maraqlarına tam uyğun olduğunu bildirib.Ölkəmizin gələcək inkişaf planları haqqında da danışan səfir "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası haqqında ətraflı məlumat verib. Konsepsiya çərçivəsində hədəfimizin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının beynəlxalq standartlara tam uyğunlaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə edilməsi olduğu diqqətə çatdırılıb.İqtisadiyyat və Sənaye Nazirliyinin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Orxan Məmmədov Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu deyib. Bildirilib ki, Aİ ölkələri Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcminə görə öncül yer tutur və ölkəmizin əsas xarici ticarət tərəfdaşları sırasındadır. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayan Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Aİ ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaradıb. Artıq bir sıra Azərbaycan şirkətləri Avropa ölkələrinə investisiya yatırıblar və müxtəlif layihələrin icrasında uğurla iştirak edirlər. Bu ölkələr sırasında Böyük Britaniyanın öncül mövqe tutduğu diqqətə çatdırılıb.AAC-ın sədri Tale Heydərov deyib ki, bu forumun məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. Tale Heydərov forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarls Hendri Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı ticarət əlaqələri haqqında məlumat verib, münasibətlərimizin hər il daha da inkişaf etdiyini bildirib. Əlaqələrimizin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə davamlı inkişafda olduğunu deyən Ç.Hendri təhsil sahəsini xüsusi vurğulayaraq, azərbaycanlı tələbələrin Birləşmiş Krallıq universitetlərinə üstünlük vermələrini yüksək qiymətləndirib.Milli Məclisin deputatı Cavanşir Feyziyev sahibkarlığın inkişaf etdirilməsinin Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu bildirib. Deputat maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ümumi daxili məhsul istehsalında xüsusi çəkisi artmış, ölkəmizdə güclü sahibkarlar təbəqəsi formalaşıb. C.Feyziyev Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışıb, Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib, respublikamızın xarici investisiyalar üçün cəlbedici bir məkan olduğunu vurğulayıb.

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev Böyük Britaniya ilə Azərbaycan arasındakı investisiya əlaqələri haqqında məlumat verib. Azərbaycanın Britaniya sərmayədarları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən İ.Əliyev hər iki ölkədən sahibkarların qarşılıqlı yatırımlarda fəal olduqlarını vurğulayıb. İ.Əliyev dünyanın müxtəlif ölkələri tərəfindən Azərbaycanın həm neft, həm də qeyri-neft sektorlarına yatırımların artmaqda davam etdiyini vurğulayıb.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə ölkəmizin son illərdəki sürətli inkişafından danışmışdır. Bakının gündən-günə gözəlləşdiyini diqqətə çatdıran diplomat bu möhtəşəm şəhərin hər il daha çox xarici turisti özünə cəlb etdiyini vurğulayıb.

Azərbaycanın mədəniyyət, enerji və bir çox sahələrdəki inkişafının təqdirəlayiq olduğunu deyən M.Brayzə bundan sonra da uğurların davam edəcəyinə əminliyini bildirib.

Daha sonra forum iştirakçılarının sualları cavablandırılıb.

Forum sessiyalar üzrə işini davam etdirib.

sia.az

Digər xəbərlər