Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi hazırlanarkən real iqtisadiyyatın növbəti ildəki inkişaf meyilləri və əsas makroiqtisadi göstəricilərin proqnozları, qurumun cari il büdcəsinin indiyədək icrasının nəticələri nəzərə alınıb. Bunu Dövlət Sosial Müdaifə Fondunun sədr müavini Elman Mehdiyev deyib.
E.Mehdiyev bildirib ki, Fondun növbəti il üçün büdcəsi hazırlanarkən əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meyilləri də nəzərə alınıb. Onun sözlərinə görə, DSMF-nin 2014-cü il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır. Bu da ötən ilin proqnoz göstəriciləri ilə müqayisədə 11,2 faiz və ya 295,8 milyon manat çoxdur.
"Gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqlarının proqnozu 660,4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalarının 62,9 faizi və ya 1 milyard 120 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Fondun gələn il üçün xərcləri 2 milyard 928, 5 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 295,8 milyon manat çoxdur. Əmək pensiyalarının ödəniş xərcləri əhalinin ödənişlərinin 97,4 faizini təşkil edəcək"- deyə, E.Mehdiyev qeyd edib.
yap.org.az