Noyabrın 7-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.AzərTAc xəbər verir ki, tədbirin açılışında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və SAM-ın direktoru Fərhad Məmmədov çıxış etmişlər.Bildirilmişdir ki, son iki-üç il ərzində "Ərəb baharı" mövzusu dünya ictimaiyyətini narahat edən məsələlərdəndir. Ərəb dünyasında baş verən hadisələr bir çox hallarda digər ölkələrə də mənfi təsir göstərir. Müxtəlif təhlilçilər bu hadisələri siyasi oyun, demokratikləşmənin başlanğıcı, tənəzzül, yeni inkişaf mərhələsi kimi qiymətləndirirlər.Diqqətə çatdırılmışdır ki, Yaxın Şərqdə sülhə və təhlükəsizliyə xələl gətirə biləcək hadisələr bütün ölkələri, eləcə də Azərbaycanı narahat edir. Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar edilməsində və qorunmasında maraqlıdır.İki gün davam edəcək tədbirdə "Ərəb baharı"nın baş verdiyi ölkələrdə mövcud siyasi proseslər, həmin ölkələrdə sosial, iqtisadi, siyasi həyat və digər mövzularda müzakirələr aparılacaqdır.
AzərTAc