Brüsseldə çıxan "EU Reporter" adlı nüfuzlu analitik internet nəşrində keçən həftə Bakıda keçirilmiş üçüncü beynəlxalq humanitar foruma həsr olunmuş material yerləşdirilmişdir http://www.eureporter.co/education/2013/11/04/baku-forum-humanitarian-issues-at-heart/. Məqalədə qeyd edilir ki, bu nüfuzlu tədbirdə 13 nəfər Nobel mükafatı laureatı iştirak etmişdir. Materialda deyilir: "Bu, keçən əsrin əvvəllərində Bakı şəhərinin inkişafında və onun neft yataqlarının işlənməsində mühüm rol oynamış Nobellər nəslinin irsinə böyük hörmət əlamətidir. Bu fakt Azərbaycan rəhbərliyinin ölkəni modernləşdirmək və onu konvergensiya texnologiyaları üzrə aparıcı dövlətlər sırasına çıxarmaq əzmini nümayiş etdirir.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimində çıxışından sitatlar gətirilir. Dövlət başçısı öz çıxışında təhsil, yoxsulluğun aradan qaldırılması, biotexnologiyaların və texnoloji innovasiyaların tətbiq edilməsi məsələlərinə toxunmuşdur. İnternet nəşr Azərbaycan dövlətinin başçısının bu sözlərini sitat gətirir: "Biz internet dünyasında yaşayırıq və bu, böyük üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər"
Materialda qeyd edilir ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşir. Bundan əlavə, Azərbaycan eyni vaxtda həm ATƏT-in, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda ölkələrdən biridir. Ölkənin bu cür unikal rolu Azərbaycan rəhbərliyinin bu gənc müstəqil dövlətin sivilizasiyalar və müxtəlif mədəniyyətlər dialoqu üçün platforma olması ideyasını həyata keçirməyə əlavə əsas verir.
Məqalədə vurğulanır ki, forumun işinin yekunlarına əsasən Bəyannamə qəbul edilmişdir.
AzərTAc