PDF Oxu

Siyasət

  • 12

Müasir sivilizasiyaların kəsişdiyi məkan - inkişaf edən Azərbaycan

Müasir sivilizasiyaların kəsişdiyi məkan - inkişaf edən Azərbaycan

Bu kimi əhəmiyyətli amillərin mövcudluğu, söz yox ki, ölkəmizi beynəlxalq aləmdə qətiyyətli söz sahibinə çevirməkdədir

Gənc müstəqil dövlət olan, geosiyasi mövqeyi, zəngin karbohidrogen ehtiyatları ilə zəngin Azərbaycan bu gün bir çox önəmli beynəlxalq tədbirlərin, forumların keçirildiyi məkana çevrilib. Dünyanın bir sıra qlobal problemləri məhz Bakıda müzakirə edilir. O da sirr deyil ki, Cənubi Qafqaz regionunu, eləcə də beynəlxalq aləmi əhatə edən istənilən layihənin Azərbaycanın maraqlarını və təşəbbüslərini nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Bütün bunlar isə ölkəmizin dünyada artan nüfuzunun, eyni zamanda, iqtisadi imkan və potensial baxımından bölgənin aparıcı respublikası olmasının göstəricisidir. Bu günlərdə III Bakı Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsi bir daha deyilənlərin məntiqi nəticəsidir.

Dünya siyasətində ölkəmizin əhəmiyyətli rolu artmaqdadır

Azərbaycanın çox mühüm, möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin əsas səbəbi bu ölkənin yüksək inkişafı, burada lazımi infrastrukturların yaradılmasıdır. Ümumilikdə isə bu, ölkəmizin dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədardır. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısı bu məsələyə xüsüsi olaraq toxunarkən bildirmişdir ki, keçən rübdə Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu da Azərbaycanın, Bakının dünya miqyasında bir siyasi, iqtisadi, mədəni mərkəzə çevrilməsinə xidmət göstərmişdir. İlk növbədə Bakıda keçirilən Dünya İqtisadi Forumuna (Davos Forumu) toxunan dövlət başçısı qeyd etmişdir ki, bu, ölkəyə verilən böyük dəyər kimi qiymətləndirilməlidir. Çünki Davos Forumu dünya miqyasında bir nömrəli siyasi və iqtisadi forumdur. Forum Azərbaycanda ən yüksək səviyyədə keçirilmişdir: "Bütövlükdə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycan Davosda keçirilən forumlarda fəal iştirak edir və diqqət mərkəzində olur. Azərbaycanın inkişaf dinamikası, əldə edilmiş uğurlar Davos Forumunda kifayət qədər geniş işıqlandırılır. Davos Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu qiymətləndirmə, hesab edirəm ki, ən ciddi və ən böyük diqqətə layiq olan qiymətləndirmədir. Çünki bu, dünyanın bir nömrəli forumu tərəfindən verilən qiymətləndirmədir. Bu forumun Azərbaycanda keçirilməsi, bir daha demək istəyirəm ki, böyük uğurumuz idi. Xüsusilə nəzərə alsaq ki, forumun mövzusu Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı idi. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi mərkəzdir, həm də siyasi, iqtisadi və mədəni mərkəzdir".

Göründüyü kimi, bütün tədbirlər, eyni zamanda, humanitar sahədə aparılan islahatlar Azərbaycanın adı ilə bağlıdır. Çünki əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq, ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir. Eyni zamanda, ölkəmizdəki təcrübə də əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Həmçinin, Azərbaycanın coğrafi vəziyyəti təbii ki, ölkənin inkişafına da təsirini göstərir. Azərbaycan o ölkədir ki, burada mədəniyyətlər, sivilizasiyalar görüşür, birləşir. Bunun əsas səbəbi isə, gücümüzün birliyimizdə olmasındadır.

Azərbaycan regional ölkə kimi daha da güclüdür

Vurğulamaq yerinə düşər ki, bu cür tədbirləri keçirməklə, konfranslara ev sahibliyi etməklə, Azərbaycan öz təcrübəsini daha da artırır və bunun da nəticəsidir ki, bu gün Azərbaycanın təcrübəsi dünya tərəfindən diqqətlə öyrənilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havası, əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi daha da gücləndirir. Azərbaycanda aparılan bütün islahatlar - istər siyasi, istər iqtisadi islahatların aparılmasında məqsəd Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşaması dayanır. Ölkə Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı bu məsələyə toxunaraq bildirmişdir ki, təkcə iqtisadi islahatların aparılması kifayət deyildir: "Bunu etmək üçün cəmiyyətdə çox sağlam iqlim olmalıdır. Bunu etmək üçün əlbəttə ki, Azərbaycanda bütün xalqlar həmişə olduğu kimi, mehribanlıq və əməkdaşlıq şəraitində yaşamalıdır. Azərbaycanın tarixi və keçmişi göstərir ki, bunu etmək mümkündür. Bu gün Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki, hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı".

Ön sıralarda gedən islahatçı ölkə

Müasir sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə layiqincə qiymətini alır. Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı, dayanıqlı inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası perspektiv vəzifələrin və onların həlli yollarının aydın müəyyən olunmasına xidmət edir. Əsas məqsəd ölkənin qüdrətini daha da artırmaq, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirmək, sosial rifahı yüksəltmək, bir sözlə, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasını təmin etməkdir.

Beləliklə, beynəlxalq toplantıların, forumların, sərgilərin, idman yarışlarının Bakıda keçirilməsi həm Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi fəaliyyətin müsbət nəticəsi, həm də dövlətimizə olan böyük maraq və etimaddır. Ölkəmizə marağın əsas səbəbi Azərbaycanın dinamik inkişaf edən, demokratik-hüquqi bir dövlət kimi dünya dövlətləri içərisində öz yerini tutması və nüfuzunun gündən-günə artmasıdır. Azərbaycan əhalisinin sayına və ərazisinə görə dünyanın kiçik dövlətlərindən hesab olunsa da hal-hazırda dünyada aparıcı dövlətlərin tədbirlərinə çox uğurla qatılan və sayılıb-seçilən dövlətlərdən biridir. Təsadüfi deyil ki, neçə illərdir Davos Forumunun ən aparıcı dövlətlərindən biri Azərbaycandır. Azərbaycan BMT-nin Təhlkükəsizlik Şurasının daimi üzvüdür. Bu gün ölkəmizin peyki 11 dövlətin peykləri sırasındadır və sairə. Artıq dünya dövlətlərinə bəllidir ki, Azərbaycan iqtisadi cəhətdən sabit, inkişaf edən ölkələrdən biridir. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyasının nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Bu kimi əhəmiyyətli amillərin mövcudluğu söz yox ki, ölkəmizi beynəlxalq aləmdə qətiyyətli söz sahibinə çevirməkdədir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər