Barak Obama: Azərbaycanla ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq
Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində prioritetləri olan və dünya ölkələrilə bərabərhüquqlu münasibətlər quran müstəqil aktordur. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycanın timsalında təhlükəsizlik və əməkdaşlıq sahəsində inamla irəliləyən dövlət imici formalaşıb. Azərbaycanın həm regional, həm də qlobal miqyasda təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verməsi özünü ikitərəfli münasibətlərin inkişafında da göstərir. Əlbəttə ki, ABŞ-la olan əlaqələrin inkişafında da bu amil istisna deyil.
ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab edir
Sirr deyil ki, bu gün Azərbaycanla ABŞ arasındakı münasibətlərin səviyyəsi hər iki tərəfdə məmnunluq doğurur. Çünki istər ikitərəfli, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən ən əsas məqamlardan biri ölkəmizin karbohidrogen ehtiyatları, həmçinin, bu qaynaqların daşındığı əsas tranzit ölkəsi olmasıdır. Bu mənada, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının reallaşmasında ABŞ-ın da dəstəyi olub. Bu faktor isə rəsmi Vaşinqtonun Cənubi Qafqaz bölgəsinin və regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Təbii ki, formalaşmış ikitərəfli münasibətlər digər regional layihələrin də reallaşması üçün əlverişli zəmin yaradır. ABŞ-ın hər zaman təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmasını və enerji təhlükəsizliyi problemində Azərbaycanın oynadığı rolu nəzərə alsaq, iki dövlət arasında əməkdaşlığın bundan sonra da yüksək və çoxşaxəli şəkildə inkişaf etdiriləcəyinə inanmaq olar.
İki ölkə arasında qlobal təhlükəsizlik problemlərində də birgə mövqenin ortaya qoyulması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ABŞ-la birgə dünyanın ən təhlükəli nöqtələrində çiyin-çiyinə mübarizə aparması, terrorun qarşısının alınması işində də töhfələri Vaşinqtonun nəzərindədir. Bu mənada, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərməsi və problemin tənzimlənməsinə öz töhfəsini verməsi ikitərəfli əlaqələrin fəlsəfəsinə aiddir.
Vaşinqton Bakının uğurlarını alqışlayır
Ümumi mənada demək lazımdır ki, Azərbaycanla ABŞ arasındakı münasibətlər bütün sferaları əhatə edir. 1992-ci ildən qurulan siyasi münasibətlər ötən illər ərzində daha da genişlənərək strateji tərəfdaşlıq formatına yüksəlib. İki yüz illik inkişaf tarixinə malik olan bir dövlət kimi ABŞ bu gün Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafını, xüsusilə də, demokratiya sahəsində iri addımlarla irəliləməsini xüsusi qiymətləndirir, alqışlayır. Elə ABŞ prezidenti Barak Obamanın Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə göndərdiyi məktubunda bir daha qeyd edilib ki, ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir. "İlham Əliyevlə sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm" - deyən ABŞ prezidenti xüsusi olaraq vurğulayır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyi tərəfindən etiraf edilən uğurlu sosial və iqtisadi tərəqqi dövrünü yaşayıb, mühüm nailiyyətlər əldə edib.
Barak Obama Prezident
İlham Əliyev ilə
əməkdaşlıq etməyə
hazırdır
Məktubda ABŞ Prezidenti öz administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə edib. O, həm ikitərəfli formatda, həm də son illər BMT Təhlükəsizlik Şurası çərçivəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirib. Barak Obama, həmçinin, Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirib.
ABŞ Prezidenti öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib və qarşıdan gələn dövrdə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşmək barədə qərarlarını alqışladığını bildirib. Barak Obama Azərbaycanın müəllifi olduğu və regionun, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq enerji layihələrinin həyata keçirilməsinə də ABŞ-ın dəstəyini ifadə edib. "Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm" -deyən Prezident Obama mühüm transmilli enerji layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqliyini ifadə edib və bunun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib. O, iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Göründüyü kimi, ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bir daha Azərbaycanın bu ölkə üçün strateji əhəmiyyət daşıdığı ifadə edilib, rəsmi Bakının regional və qlobal məsələlərdə yüksək rolu vurğulanıb. Bu məktubdan bir daha görünür ki, dünyanın super dövləti Azərbaycanla əməkdaşlıqda maraqlıdır və Bakının mövqeyi Vaşinqton üçün olduqca əhəmiyyətlidir.
"Səs" Analitik Qrupu