Noyabrın 8-də Bakıda İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı öz işinə başlamışdır.
Noyabrın 12-dək davam edəcək beynəlxalq konfrans İSESCO ilə 2013-cü il mayın 29-da imzalanmış qarşılıqlı razılaşma sənədinə əsasən təşkil edilmişdir.
"İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" mövzusuna həsr olunmuş tədbirdə 51-dən çox ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir.
Azərbaycan hökuməti İslam ölkələrinin uşaq siyasəti üzrə məsul nazirlərinin IV konfransına təqdim edilməsi üçün hesabat hazırlamışdır.
Hesabatda 2005-ci il noyabrın 5-dən 7-dək keçirilmiş İslam ölkələrinin uşaq siyasəti üzrə məsul nazirlərinin I konfransının (Rabat deklarasiyası), 2009-cu il fevralın 2-3-də keçirilmiş II konfransının (Xartum deklarasiyası), 2011-ci il fevralın 10-11-də keçirilmiş III konfransının (Tripoli deklarasiyası) sənədləri öz əksini tapmışdır.
yap.org.az