Bu gün iqtisadiyyatdan, texniki məsələlərdən, energetika sahəsindən çox danışırlar. Lakin biz insan kapitalının sosial tərəflərini, dünyagörüşünü, humanitar mədəniyyəti unuduruq. Bəşəriyyət üçün mühüm olan bütün bu məsələlər III Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilib. Bu sözləri Litva Seyminin deputatı, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Yuras Pojela deyib.Litva Parlamentinin üzvü beynəlxalq forumun məhz Bakıda keçirilməsindən razı qaldığını bildirib. O deyib ki, bu foruma ziyalılar, ölkə rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri toplaşmışdılar. Bakı forumu bu gün üçün vacib olan məsələlərin – XXI əsrin çağırışları, cəmiyyətdə əmin-amanlıq axtarışı və milli identiklik ilə bağlı məsələlərin müzakirəsi üçün məkana çevrilib. Burada beynəlxalq münasibətlərə dair problemlər, əməkdaşlıq çağırışları və məsələləri müzakirə olunub.Litva deputatı həmçinin sürətlə inkişaf edən Litva-Azərbaycan əməkdaşlığından danışıb: "Sevindirici haldır ki, Azərbaycan gənclərinin getdikcə daha çox nümayəndəsi Litvanın ali məktəblərini seçir. Litvanın gənclər təşkilatlarının nümayəndələri isə Bakıya səfərlər edirlər. Beləliklə, nəsillər arasında əlaqələr yaranır. Bu da iki ölkə arasında siyasi dialoq üçün əhəmiyyətlidir.Dostluq qrupunun sədri qeyd edib ki, Litva ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir.
sia.az