"Sosial sahələrdə layihələr və islahatlar bundan sonra da davam etdiriləcək. Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətli bir hissəsi insanlara qayğı və bu qayğının artırılması ilə əlaqədardır. O cümlədən, səhiyyə xidmətinin yaxşılaşdırılması, digər sahələrdə sosial problemlərin həlli istiqamətində çox möhtəşəm layihələr həyata keçirilib. Bununla belə Azərbaycanda səhiyyə infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin kifayət qədər böyük həcmdə və böyük miqyasda olduğunu da qeyd edə bilərəm". SİA-nın məlumatına görə, bu fikirləri YAP Sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səhiyyə sahəsində görülən işlərə münasibət bildirərkən deyib.Əli Əhmədov bildirib ki, xəstəxanaların vəziyyəti köklü surətdə yaxşılaşıb və bu istiqamətdə aparılan sosial layihələr, islahatlar bundan sonra da davam etdiriləcək: "Hazırda qarşıda duran vəzifələr ondan ibarətdir ki, səhiyyə xidmətinin keyfiyyəti daha da yaxşılaşdırılsın və həkimlərin peşəkarlıq səviyyəsi yüksəldilsin. Hesab edirəm ki, bu istiqamətdə işlər ümumilikdə dünya standartları səviyyəsinə qaldırılmalıdır ki, Azərbaycan vətəndaşlarının hər birinə keyfiyyətli səhiyyə xidməti göstərilsin. Məhz bütün bu işlər müalicə üçün Azərbaycandan kənara gedən insanların sayının azalmasına səbəb olmalıdır. Güman edirəm ki, belə hallar gələcəkdə tamamilə aradan qaldırılacaq və insanların Azərbaycandan kənara müalicə ehtiyacı ilə əlaqədar getməsi çox nadir hallarda olacaq. Əks halda, hesab edirəm ki, bu, Azərbaycan həkimlərinin peşəkarlıq səviyyəsinə vətəndaşlarımız tərəfindən inamsızlığın itirilməsinin ifadəsi ola bilər"- deyə, Baş nazirin müavini vurğulayıb.
sia.az