"İran elə bilir ki, başını ABŞ-ın qoltuğunun altına salanda sakitlik olacaq"
"İran Azərbaycan münasibətlərində təsadüf heç nə baş vermir. Sərhədin bağlanması da vahid planın tərkib hissəsidir". Bu sözləri politoloq Mübariz Əhmədoğlu İran Azərbaycan sərhədinin bağlanmasına münasibət bildirərkən deyib. O bildirib ki, hakimiyyət dəyişikliyindən sonra İran Azərbaycana qarşı təxribat xarakterli münasibətinə pauza verdi.Politoloq deyib ki, ABŞ və Ermənistanla olan münasibətlərinin istiləşməsi nəticəsində İran, Azərbaycanla olan münasibətlərini təxribat müstəvisinə çevirib: "İranın ölkəmizə qarşı budəfəki, şantajları çox təhlükəlidir. Ona görə ki, şantajlarını güllə ilə başlayıblar. Belə ki, İran sərhədçisi Naxçıvanda Azərbaycan tərəfində işləyən traktora atəş açıb. Lakin İran rəsmiləri bəyanat verirlər ki, guya atəş hansısa naməlum adam tərəfindən açılıb. Halbuki, İranda bəzi qüvvələr təsdiq etdi ki, atəş İran tərəfindən açılıb. İran tərəfindən Azərbaycana atılan güllə insanın təpəsinə çaxılan güllə ola bilər. Ona görə də İran rəsmiləri oturub sərhəddin bağlanması ilə bağlı verdiyi bəyanatları izləsin ki, yaxında həqiqət tam aydın olacaq".Politoloq həmçinin vurğulayıb ki, son günlər İran mətbuatı əvvəlki, ölkənin sabiq prezidenti Mahmud Əhməd Nejdatın apardığı şablonlara qayıdıb: " Bir neçə gündür ki, İran mətbuatı bugünki günün məzmuna uyğun olaraq yazırlar ki, guya ki biz İsraillə dostuq edirik və bu dostluğumuz İranın əleyhinədir".M. Əhmədoğlu qeyd edib ki, İranın Ermənistanla olan əlaqələrində ciddi sürətdə artım var: "Təsadüfən həm Azərbaycanda, həm də Ermənistanda tikinti şirkətlərinin sərgisi keçirilmişdi. İrandan Azərbaycana sərgidə iştirak etmək üçün 11, Ermənistana isə 25 tikinti şirkəti getmişdi. Bütün bunlar bir daha sübut edir ki, son zamanlar İranla Ermənistan arasında münasibətlər tamamilə dəyişib. Lakin iranlılara demək istəyirəm ki, biz elə həmin adamlarıq. Heç bir gücümüz də azalmayıb, əksinə artıb. Əgər İran bizimlə təbliğat müharibəsinə başlayıbsa, o zaman cavablarını verəcəyik. Necə ki, İran vaxtilə təbliğat müharibəsində Azərbaycana uduzdu, bu dəfə də uduzacaq. Əgər bu bizə qarşı hərbi şantajdırsa, o zaman İran ABŞ münasibətlərinə çox arxayın olmasın. İran elə bilir ki, başını ABŞ-ın qoltuğunun altına salanda sakitlik olacaq. Bəlkə, ABŞ-ın qoltuğunun altı yuyulmayıb, təmiz deyil, iydən boğula bilər. İran hazırda ABŞ-a görə İsrail və bir sıra digər dövlətlərlə mübarizə aparır".
sia.az