Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi Ankarada qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş təşkil etmişdir.
Jurnalistlərə Heydər Əliyev Fondunun Azərbaycanda elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdki fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Nümayəndəliyin rəhbərləri qeyd etmişlər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin hüdudlarından kənarda da müxtəlif sahələrdə mühüm layihələr həyata keçirir.
Görüşdə iştirak edən Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olduqlarını bildirərək, ölkəmizdə müşahidə edilən surətli inkişaf proseslərini maraqla izlədiklərini qeyd etmişlər. Jurnalistlər vurğulamışlar ki, Bakı hazırda dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.
Türkiyəli jurnalistlər bildirmişlər ki, oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərində parlaq qələbə qazanan İlham Əliyevin qarşıdakı günlərdə Ankaraya planlaşdırılan rəsmi səfəri qardaş ölkədə böyük maraqla gözlənilir. Azərbaycanın dövlət başçısının yeni prezidentliyi dövründə ilk rəsmi səfərini Türkiyəyə etməsi iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm göstəricisidir.
Görüş Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyinin qardaş ölkənin jurnalsitlərinin şərəfinə verdiyi şam yeməyi ilə yekunlaşmışdır.
yap.org.az