"Əgər qeyri-hökumət təşkilatı qeyri-şəffaf yolla, qapalı şəkildə qrantlar alırsa, xüsusilə də bu qrantlar mənbəyi bilinməyən xarici təşkilatlar vasitəsilə həyata keçirilirsə, bu birbaşa QHT-lər haqqında qanuna ziddir. QHT-lər hansı məqsədlə və hansı layihəyə görə qrant aldığını açıqlamalıdır. Əgər bunu açıqlaya bilmirsə, burda bu və ya digər qaranlıq məqsədlərin olduğu açıq-aydın görünür". Bu sözləri Azərbaycanda siyasiləşmiş QHT-lərin xaricdən qrantlar almasına və bu qrantların bir hissəsinin müxalifət partiyalarına ötürülüməsinə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, bu məsələ vaxtaşırı gündəmdə olub: "QHT-lərin bu formada, qeyri-şəffaf yolla maliyyələşməsi onların hansısa məqsədlərə xidmət etdiyini göstərir. Düşünürəm ki, əgər qrant vəsaitləri ayrılıbsa, bu açıq şəkildə bütün QHT-lər üçün elan olunmalıdır".Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını nümunə göstərən R.Qonaqov onu da bildirib ki, ölkəmizdə ildə 2 dəfə QHT-lərə tam açıq, şəffaf şəkildə qrantlar ayrılır: "Əgər maliyyələşmə qanuna müvafiq formada həyata keçirilməyəcəksə, deməli, bunu arxasında hansısa çirkin məqsədlər durur. Vəsait ayrılıbsa, bu cəmiyyətə açıqlanmalıdır, hər kəs bilməlidir ki, hansı QHT qrantı nə üçün və hansı layihəyə görə alıb. Əgər belə deyilsə, siyasiləşmiş QHT-lər bunu gizlədirsə, bu onların çirkin məqsədlərə xidmət etdiyini göstərir".
sia.az