PDF Oxu

Siyasət

  • 26

İlk Milli Konstitusiya - müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açmışdır

İlk Milli Konstitusiya - müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açmışdır

Tərtər rayonunda 12 Noyabr Konstitusiya Günü qeyd edilib

Dünən Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbul olunmasının 18-ci ildönümü münasibəti ilə təntənəli ümumrayon tədbiri keçirilib. Rayon rəhbərliyinin, ictimaiyyətin, idarə, müəssisə rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 12 Noyabr Konstitusiya Gününün Azərbaycan xalqının ən yeni tarixində özünə layiqli yer tutan əlamətdar günlərdən olduğunu bildirib: "Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq, müstəqillik amallarını gerçəkləşdirən, onun gənc, lakin qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Konstitusiyamız bugünkü sabitliyimizin, dövlət müstəqilliyimizin qarantıdır. Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Qanunlarımızın aliliyi dövlətimiz, eləcə də, hər bir vətəndaşımız tərəfindən qorunur. Qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatlar xalqın sosial-rifah halının yaxşılaşamasına xidmət etməklə qanunlarımızın aliliyinə söykənir".

Tədbirdə rayon təşkilatı şurasının üzvü, rayon gənclər və idman idarəsinin rəisi Elvin Umudov, Cəmilli kənd tam orta məktəbinin direktoru Famil Məmmədov, rayon təşkilatı gənclər birliyinin üzvü, rayonun 6 saylı tam orta məktəbinin müəlliməsi Zülfüyyə Abdullayeva, rayon 2 saylı məktəb-liseyin müəlliməsi Məlahət Nuruyeva, rayon mədəniyyət evinin metodisti Reyhan İsmayılova, rayon təşkilatı qadınlar şurasının üzvü Əfruz Babayeva və başqaları çıxış edərək, Konstitusiyanın qəbulundan sonra Azərbaycanda dövlət quruculuğu sahəsində yeni mərhələnin başlandığını bildiriblər. Qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması məhz Ulu Öndərin müəllifi olduğu Əsas Qanunun prinsipial müddəaları əsasında həyata keçirilir.

R.HÜSEYNOVA

Digər xəbərlər