Müsahiblərimiz Konstitusiya Günü ilə bağlı fikirlərini bölüşdülər
YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov:
- Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası ölkəmizin inkişafının başlıca təminatçısıdır. Çünki ali-hüquqi sənədin normaları bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərləri özündə əks etdirir. Ulu Öndər siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də fəaliyyətində Əsas Qanuna istinad edərək, respublikamızda ümumbəşəri demokratik dəyərlərin, qanunların aliliyinin təminatına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları dolğun və real məzmun kəsb edir.
YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Zəkiyyə Musayeva:
- Konstitusiya hər bir ölkədə əsas qanun kimi ali-hüquqi qüvvəyə malikdir. Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Bütövlükdə, cəmiyyət həyatının başlıca sahələrində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya ali-hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Bu gün bizlər müstəqil dövlətimizin Konstitusiya Gününü qeyd etməyimizlə fəxr edirik.
YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramin Vəlibəyov:
- Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğunun tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya Azərbaycanı çox qısa bir müddətdə beynəlxalq aləmin ən layiqli üzvlərindən birinə çevirdi.
Cahid SÜLEYMANOV