Prezident İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim edildi. Noyabrın 12-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib. Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi. Sonra xatirə şəkilləri çəkdirildi. Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev Anıtqəbirin muzeyi ilə tanış oldu. Burada Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən, onun Türkiyə Cümhuriyyətinin qurulmasındakı tarixi xidmətlərindən bəhs edən eksponatlar, sənədlər qorunub saxlanılır. Həmin gün Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və xanımı Hayrünnisə Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar. Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi. Prezident İlham Əliyev türk əsgərlərini salamladı. Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi. Sonra prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və xanımı Hayrünnisə Gülün birgə görüşü olub. Noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olub. Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi. Sonra Prezident İlham Əliyevin "Dövlət nişanı" ordeni ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.
Türkiyə Prezidenti "Dövlət nişanı" ordenini Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Prezidenti "Heydər Əliyev" ordenini Türkiyə Prezidentinə təqdim etdi. Türkiyə Prezidenti Abdulah Gül və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdilər.
Prezident Abdullah Gül öz çıxışında qeyd edib ki, Qlobal və regional təhdidlərin davam etdiyi bir dövrdə Azərbaycanı təhlükələrdən qoruyacaq bir liderin mövcudluğu münasibətlərimizin gələcəyinin təminatıdır:
"Cənab Prezident İlham Əliyev. Hörmətli Mehriban xanım, dəyərli qonaqlar. Bu gün burada Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluğu daha da möhkəmləndirəcək "Dövlət nişanı" mükafatının təltifetmə mərasimi münasibətilə toplaşmışıq. Ölkəmizin ən yüksək ordeni olan "Dövlət nişanı"nı Azərbaycan Respublikasının Prezidenti, dəyərli dostum cənab İlham Əliyevə təqdim etməkdən böyük məmnunluq hissi duyuram. Bir vaxtlar ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin də təltif olunduğu "Dövlət nişanı"nı bu dəfə Əliyevlər ailəsinin başqa bir nüfuzlu nümayəndəsinə təqdim etməkdən böyük qürur hissi keçirdim. Bu orden eyni millətin iki dövləti olan ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və dostluq əlaqələrimizin gücləndirilməsi üçün nümunəvi liderlik nümayiş etdirən cənab Prezident İlham Əliyevə ürəkdən qiymətimizin ifadəsidir. Eyni qaydada mənim Azərbaycanın ən yüksək mükafatı olan "Heydər Əliyev" ordeninə layiq görülməyimdən də böyük xoşbəxtlik hissi keçirirəm. Mənim mərhum Heydər Əliyevin adını daşıyan bu ordenlə təltif olunmağım əzəli və əbədi Türkiyə-Azərbaycan qardaşlığının aydın bir təzahürüdür.
Dəyərli qonaqlar, Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətlərimizin ən güclü şəkildə davamına böyük əhəmiyyət veririk. Qlobal və regional təhdidlərin davam etdiyi bir dövrdə Azərbaycanı təhlükələrdən qoruyacaq bir liderin mövcudluğu münasibətlərimizin gələcəyinin təminatıdır. Zati-alilərinin məharətli idarəçiliyi ilə Azərbaycan hər sahədə parlaq nailiyyətlər qazanmışdır. Son 10 ildə Azərbaycana etdiyim hər səfərdə bu qardaş ölkənin simasının mahir əllərlə necə dəyişib gözəlləşdiyinin şəxsən həmişə şahidi olmuşam.
Hərtərəfli inkişaf və artan rifah səviyyəsi ilə Azərbaycan qısa müddətdə həsəd aparılacaq bir ölkə olmuşdur. Azərbaycan regiondakı və beynəlxalq aləmdəki güclü mövqeyini hər ötən gün daha da möhkəmləndirməkdədir. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilən və keçən həftə quruma ikinci sədrliyi təhvil verən Azərbaycan qazandığı uğurlu nailiyyətlərlə diplomatik gücünü də sübut etmişdir. Xoşdur ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sadəcə 22 il sonra öz imkanları və gücü ilə gələcəyə ümidlə baxmasını təmin edən belə mühüm uğurlar qazanmışdır. Şübhəsiz, bu uğurların arxasında ümummilli lider, mərhum Prezident Heydər Əliyevin yaratdığı sağlam təməllər və Prezident İlham Əliyevin ölkəsinə bu irsə yaraşan şəkildə xidmət etməsi dayanır. Bu mətin liderlik sayəsində hazırda Türkiyə ilə Azərbaycan arasındakı qədim dostluq və qardaşlıq əlaqələri konkret layihələrlə inkişaf etmişdir. Bu münasibətlə Türkiyə-Azərbaycan qardaşlığı üçün tarix boyunca hər cür fədakarlıq göstərən əcdadlarımızı və şəhidlərimizi dərin ehtiram hissi ilə anır, aramızdakı mükəmməl qardaşlıq əlaqələrinin gələcəkdə davam edəcəyinə qəti inamımı bildirirəm. Yaşasın can Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu!"
Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar: "Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül. Hörmətli cənab Baş nazir, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Əziz dostlar, hörmətli xanımlar və cənablar. Bu gün mənim həyatımda çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün mən qardaş Türkiyə Cümhuriyyətinin ali mükafatı ilə təltif olunuram. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Mən Sizi və bütün türk xalqını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam. Çalışacağam ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, bizim bütün birgə layihələr icra edilsin, Türkiyə-Azərbaycan birliyi əbədi, sarsılmaz olsun. Bu gün bu təltifi alarkən bir daha keçmişə nəzər salırıq. Görürük ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada nadir əlaqələrdir. Bizi tarix, etnik köklər, ortaq mədəniyyət, eyni zamanda, siyasi-iqtisadi maraqlarımız birləşdirir. Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim bugünkü birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulubdur. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdə bizim müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim birliyimiz, dostluğumuz, qardaşlığımız davam edir və imkan verir ki, xalqlarımız da bir-birinə qovuşsun, imkan verir ki, biz birlikdə xalqlarımız, dövlətlərimiz üçün vacib olan məsələləri həll edək. Son on il ərzində mən çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim yüksək səviyyədə olsun. Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün, bölgə, dünya üçün önəmli bir amilə çevrilmişdir. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi layihələr, enerji layihələri bizi daha da sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir. Əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir. Bu gün bir daha bu məsələlərə nəzər salarkən görürük ki, doğrudan da Türkiyə və Azərbaycan son illər ərzində böyük uğurlu yol keçmişdir. Bu gün Ankarada yenidən olarkən burada gedən inkişafı görürük və buna sizin qədər sevinirik. Mən son 10 il ərzində Türkiyədə dəfələrlə olmuşam. Bu, mənim 16-cı səfərimdir və 3-cü rəsmi səfərdir. Ancaq bir neçə ildir ki, Ankarada olmamışdım. Bu gün Ankarada gedən inkişafı görərkən çox sevinirəm. Bu, sizin böyük uğurunuzdur, böyük nailiyyətinizdir. Türkiyənin inkişafı bizi gücləndirir. Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcəkdir. Biz çox sevinirik ki, hətta böhranlı illərdə Türkiyə iqtisadi və siyasi sabitliyi möhkəmləndirə bilmişdir. Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir, Türkiyənin bütün təşəbbüsləri reallaşır və bu gün dünya miqyasında Türkiyə bir güc mərkəzidir. Biz əziz qardaşım Prezident Abdulla Gül ilə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif mərhələlərində birgə çalışmışıq, çiyin-çiyinə çalışmışıq. Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında bərabər iştirak etmişik, Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun təməlini bir yerdə qoymuşuq. Əminəm ki, belə birgə mərasimlər hələ çox olacaqdır. Çünki bizim həyata keçirdiyimiz layihələrimiz gələcəyə yönəlibdir. Elə etməliyik ki, bizdən sonra gələn nəsil də dostluq, birlik, qardaşlıq mühitində bir-biri ilə əlaqə saxlasın. Bu gün təməli qoyulan ənənələr, bu gün göstərilən istiqamətlər gələcək nəslə də bir yol göstəricisidir. Çünki biz istəyirik ki, birliyimiz əbədi, sarsılmaz, dönməz olsun. Əminəm ki, biz buna nail olacağıq. Hər halda son illərin tarixi belə deməyə əsas verir.
Türkiyənin gələcək inkişafı nə Azərbaycanda, nə Türkiyədə heç bir şübhə doğurmur. Bizim qardaş ölkəmiz yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir və ölkə qarşısında duran bütün vəzifələri icra edəcəkdir. Mən bu fürsətdən istifadə edərək Azərbaycana daim göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycan dövlət müstəqilliyini əldə edəndə Türkiyə bizə arxa, dayaq olmuşdur. Bu gün bizim qarşılıqlı dəstəyimiz ölkələrimizi daha da birləşdirir, gücləndirir. Bu gün Türkiyə-Azərbaycan işbirliyi, əməkdaşlığı müsbət meyillərin güclənməsinə təkan verir. Mən bir daha əziz qardaşım Prezident Abdullah Gülə mənim səylərimi, fəaliyyətimi yüksək qiymətləndirdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Türkiyə və Azərbaycan xalqlarını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan birliyi üçün bundan sonra da var gücümlə çalışacağam. Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!"
Sonda prezidentlər İlham Əliyev və Abdullah Gül, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül xatirə şəkli çəkdirdilər. Türkiyə Respublikasının ən ali mükafatı olan "Dövlət nişanı" 1988-ci ildə təsis edilmişdir. Türkiyə Prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
Təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olundu.
Dövlət başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident Abdullah Gül öz bəyanatında qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir:
"Cənab Prezident, dəyərli dostum.
Hörmətli nazirlər. Dəyərli mətbuat nümayəndələri.
Bildiyiniz kimi, Azərbaycanda oktyabrın 9-da keçirilən seçkilərdə dəyərli qardaşım, cənab İlham Əliyev üçüncü dəfə Prezident seçilmişdir. Bu münasibətlə onu bir daha təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram. Cənab Prezident, dəyərli dostum İlham Əliyev ötən seçkilərdən sonra olduğu kimi, yenə də ilk səfərini Türkiyəyə etmişdir. Buna görə əziz qardaşıma dərindən təşəkkür edirəm.
Bilirsiniz ki, mən də 2007-ci ildə Türkiyə Prezidenti seçilərkən ilk səfərimi Azərbaycana etmişdim. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir. Son dövrlərdəki əlaqələrimizin nə qədər yaxın olduğunu göstərmək üçün bunu deyə bilərəm ki, ötən altı il ərzində iki ölkə arasında yeddinci dəfə prezident səfərləri həyata keçirilir. Bu səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcəkdir.
Bu gün cənab Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Bu görüşlərdə şübhəsiz ki, ikitərəfli münasibətlərimizlə bərabər, regional məsələləri də nəzərdən keçirdik. İkitərəfli münasibətlərimizlə bağlı çox mühüm, böyük iqtisadi layihələri, qaz, enerji, nəqliyyat, - bütün bunları əlbəttə ki, nəzərdən keçirdik. Eyni zamanda, regional məsələləri, Azərbaycanın milli məsələsini və bizim də milli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqlarının azad edilməsi məsələlərini - bütün bunları müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də hörmətli nazirlərin iştirakı ilə bölüşdük.
Türkiyənin Azərbaycana qoyduğu sərmayələr, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalar - bütün bu məsələlər də həmişə mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrimizin güclənməsi və inkişafını sonadək dəstəkləyəcəyik. Yenə qardaşlığımızın bir göstəricisi olaraq bu gün sizlərin də şahidliyinizlə qarşılıqlı olaraq ordenləri təltifetmə mərasimi oldu. Mən cənab Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan "Dövlət nişanı"nı təqdim etdim. Cənab Prezident isə Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev" ordenini mənə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin şübhəsiz ki, ən yaxşı nümunələrindən biri oldu. Bu gün birlikdə Türkiyə Aerokosmik Sənayesi ilə tanışlıq olacaqdır. Axşam da şübhəsiz ki, hamılıqla bir yerdə olacağıq. Mən bir daha dəyərli qardaşımı həm təbrik edirəm, həm də Türkiyəyə - öz doğma vətəninizə "Xoş gəlmisiniz!" deyirəm."
Azərbaycan Prezidenti İlham Əliyev isə öz bəyanatında diqqətə çatdırdı ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq:
"Sağ olun, əziz qardaşım. Hörmətli Prezident Abdullah Gül.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə olmağımdan çox məmnunam.
Türkiyədə gedən inkişafı görərkən biz də çox sevinirik. Türkiyə son illər ərzində böyük və uğurlu yol keçmişdir. Sizin rəhbərliyinizlə ölkəniz dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Türkiyə nəinki bölgə məsələləri ilə, dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır. Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.
Bu gün mənim həyatımda çox əlamətdar hadisə baş vermişdir. Mən qardaş ölkənin ən ali mükafatı olan "Dövlət nişanı" ilə təltif olundum. Mən bu təltifi görülən işlərə qiymət kimi dəyərləndirirəm. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin. Biz əziz qardaşım Prezident Abdullah Gül ilə son illər ərzində bu birliyi möhkəmləndirmək üçün çox işlər görə bilmişik. Bu gün bizim əlaqələrimiz müttəfiqlik səviyyəsindədir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir. Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə olan dəstək çox nadir xarakter daşıyır.
Əlbəttə, bu gün biz ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etdik. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Mən bir daha Türkiyə dövlətinə ədalətli mövqeyinə görə minnətdarlığımı bildirdim. Türkiyə bu məsələdə daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bu ədalətsizliklə barışmaq mümkün deyildir. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır və bu dəstəyə görə minnətdarıq.
Biz bu gün, eyni zamanda, bizi birləşdirən və artıq regional çərçivələrdən çıxmış, qlobal müstəviyə daxil olan layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini müzakirə etdik. Onların hər biri böyük bir hadisədir, böyük uğur gətirən layihələrdir. Ancaq Türkiyə və Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin reallaşmasına nail ola bilmişik. Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və iş adamları arasındakı əlaqələri dəstəkləyirik. Bu gün, eyni zamanda, həmişə olduğu kimi, dostluq, qardaşlıq şəraitində digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi. Əziz qardaşımın qeyd etdiyi kimi, prezident seçkilərindən sonra ilk səfərimi Türkiyəyə etmişəm. Bu, təbiidir. Bu, artıq bir ənənədir. Əminəm ki, bu ənənə gələcəkdə də yaşayacaqdır. Bizim gücümüz birliyimizdədir, bizim birliyimiz tarix üzərində qurulubdur. Bu gün iki müstəqil dövlət - Türkiyə və Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin gücünü artırır. Əminəm ki, gələcəkdə bizim işbirliyimiz, əməkdaşlığımız yüksələn xətlə inkişaf edəcəkdir. Bir daha əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Sağ olun."