"İsrailin səsi" dövlət radiostansiyasında bu ölkənin sakinləri arasında kifayət qədər populyar olan "Günün aktual hadisələri" verilişində III Bakı Beynəlxalq Humanitar Forumunun yekunları geniş şərh edilib."İsrailin səsi" radiostansiyasının daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert, "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü Arye Qut verilişin aparıcısının suallarına cavab verərək qeyd edib ki, çox mühüm beynəlxalq tədbir olan Bakı Humanitar Forumu beynəlxalq intellektual birliyin, siyasətçilərin, alimlərin, mədəniyyət xadimlərinin, nəzəriyyəçilərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşüb müzakirələr apardığı həqiqi və real məkandır: "Bu gün dünyada praktiki olaraq ikinci elə bir intellektual məkan yoxdur ki, dünyanın 70 ölkəsinin siyasi, elmi, intellektual və biznes elitasının nümayəndələri orada görüşərək, bütün dünya birliyi üçün maraq doğuran iqtisadi inkişafın humanitar aspektləri, multikulturalizm və bənzərsizlik, postmodern dövründə milli identiklik, davamlı inkişaf və ekoloji sivilizasiya, informasiya məkanının qloballaşması şəraitində medianın aktual məsələləri kimi problemləri müzakirə etsinlər. Bu forumda İsrail dövlətinin yetərincə təmsil olunduğunu görmək çox xoş idi. İsraili üç Nobel mükafatı laureatı professor Dani Şextman, professor Ada Yonat və professor Arye Varşel təmsil edirdi. Onların hər biri III Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil edilməsi, azərbaycanlıların səmimiyyəti və qonaqpərvərliyi barədə təəssüratlarını mənimlə bölüşdülər".Arye Qut "İsrailin səsi" dövlət radiostansiyasında öz şərhini yekunlaşdıraraq demişdir: "İnkaredilməz faktdır ki, Azərbaycan dünyanın intellektual və siyasi elitası, o cümlədən məşhur dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatları laureatları, gələcəyin qlobal sivilizasiyalarına yol tapmağa çalışan, planetimizin rəngarəng mədəni palitrasını qoruyub saxlamağa qabil olan nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri üçün beynəlxalq müzakirələr məkanına çevrilməkdədir".
sia.az