"Azərbaycanda internetin yüksək səviyyədə inkişafı, xəbər saytları və sosial şəbəkələrdən istifadənin genişlənməsi şəraitində söz və mətbuat azadlığının olmamasına dair fikirlər gülünc səslənir". Bunu SİA-ya "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib.Baş redaktor bildirib ki, bu gün belə fikirlərin səsləndirilməsi absurddur: "Bu gün informasiya gizli qalmır. Çünki xəbər saytlarında, sosial şəbəkələrdə real olmayan, şayiə və digər xarakterli xəbərlər yayılır. Ona görə də belə bəyanatlar həqiqəti əks etdirmir".R.Məcid bildirib ki, vaxtilə qəzetlərin maddi durumu aşağı olsa da, artıq bu problem həllini tapıb: "2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Sonra isə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Bu gün hay-küy salan "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə də digər mətbuat orqanlarına olduğu kimi, maliyyə yardımları ayrıldı. Yəni bu qəzetlərin məhv olmasının qarşısını aldı".Baş redaktor vurğulayıb ki, əgər qəzetin rəhbərliyi çətin rəqabət şəraitində mətbu orqanı saxlaya bilmirsə, külli miqdarda borclar yaranırsa, böhtan və şər xarakterli yazılarına görə üzərinə cərimələr yükləyirsə, bunun günahını ictimaiyyətdə, hökumətdə axtarmaq lazım deyil: "Əgər "Azadlıq" qəzeti iqtisadi böhran keçirirsə, bunun günahı qəzetin rəhbərliyindədir".
sia.az