PDF Oxu

Siyasət

  • 36

YAP-ın 21-ci ildönümü münasibəti ilə gənclərlə görüş keçirilib

YAP-ın 21-ci ildönümü münasibəti ilə gənclərlə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında partiyanın yaranmasının 21 il dönümü münasibəti ilə gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon Təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli və çətin inkişaf yolundan danışıb. Bildirib ki, partiyanın yaranma ideyası Bakı Dövlət Universitetindən başlayıb: "Bundan başqa ötən əsrin 90-cı illərində blokada şəraitində olan Naxçıvana mənəvi və maddi dayaq olmaq üçün ziyalılar toplaşaraq Bakıda "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti yaratdılar. Cəmiyyətin iclaslarının birində siyasi mübarizə aparmaq üçün bir partiya yaradılması fikri ortaya atıldı. Partiyanın ideyası, yaradılması, ona kimin rəhbərlik edəcəyi ilə bağlı müzakirələr oldu. Çoxluğun qərarı belə oldu ki, belə bir partiyanı yalnız Ulu Öndər Heydər Əliyev yarada və ona rəhbərlik edə bilər. 1992-ci il oktyabrın 16-da imza toplanılaraq Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlandı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Oktyabrın 20-də Ulu Öndərimiz bu müraciətə müsbət cavab verdi".B.Nəbiyev gənclərin diqqətinə çatdırıb ki, Ümummilli lider Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular: "Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı."Daha sonra çıxış edən YAP Yasamal GB-nin sədr müavini Elməddin Əmirov isə partiyanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, YAP gənclərdə liderlik keyfiyyətlərinin formalaşmasına böyük imkanlar yaradır: "Azərbaycanda gənclər siyasəti həqiqətən də, çox böyük əhəmiyyətə malikdir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib".Tədbirin sonunda gənclər də öz fikirlərini səsləndiriblər. Qeyd olunub ki, YAP 21 illik tarixində müasir Azərbaycanın şərəfli salnaməsini yazıb.

sia.az

Digər xəbərlər