"Milli Şuranın taleyi əvvəldən bəlli idi. Hər kəs bilirdi ki, şəxsi istəklər, ambisiyalar üzərində qurulan bu qurumda vaxt olacaq, hamı bir-birini ittiham edəcək, istefalar o həddə çatacaq ki, ümumilikdə bütün müxalifət cəbhəsi çökəcək. Belə də oldu".Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib. O bildirib ki, başında İsa Qəmbərin, Əli Kərimlinin durduğu Milli Şura Don Kixotluqla məşğul idi, özlərini millətin cəfakeşləri kimi təqdim etməyə çalışırdılar: "Ancaq indi didərgin düşmüş adamlar kimi hara gedəcəyini bilməyən Milli Şurada vəziyyət o həddədir ki, gərək öz eybəcərliklərini düzəltsinlər. Müxalifətçiləri tanıyan hər kəs başa düşür ki, bu şəxslər illərdir özlərini də, partiyadaşlarını da aldatmaqla, onları şirin vədlərlə dolamaqla bu vaxta kimi gəlib çatıblar. Heç şübhəsiz, normal insan, əsl vətəndaş anti-milli adamların qurduğu quruma yaxın belə getməz. Onlar özləri də gördülər ki, xalq onları tanımır, tanımadıqları adamlara da etimad göstərmək isə qeyri-mümkündür".T.Tağıyev onu da əlavə edib ki, Milli Şurada artıq günlərdir ki, baş alıb gedən istefalar bundan sonra daha da şiddətli hal alacaq: "Bu qurumun sadəcə adı qalıb. Nəinki seçkidəki məğlubiyyət, həmçinin müxalifətçi liderlərin səriştəsizliyi elə Müsavat və AXCP-nin də sonuna çıxıb. İndi mənasız ittihamlar səsləndirməkdənsə, normal bir işlə məşğul olsunlar".
sia.az