"Keçən əsrin 90-cı illərindən etibarən Dağlıq Qarabağ münaqişəsi insan hüquqlarının pozulmasının mühüm səbəblərindən birinə çevrilmiş və bu proses bu günə qədər davam etməkdədir. Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insan həyatına son qoyulmuş, körpə uşaqlara qarşı vəhşiliklər törədilmişdir. Münaqişə ilə bağlı hətta BMT-nin Təhlükəsizlik Şurası tərəfin qətnamələrin çıxarılmasına baxmayaraq, onların heç biri indiyə qədər icra olunmamışdır. Bütün bu vəziyyət Azərbaycanda uşaq hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarmış və bu təhdid bu gün də davam etməkdədir". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Cenevrə şəhərində AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.
S.Fətəliyeva bildirib ki, müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdankənar davranış formalarını cinayətkar əməl hesab edir. Onun sözləriən görə, Ermənistan Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqla tanınan insan hüquq və azadlıqlarını sistemli şəkildə və qeyri-insani formada kütləvi surətdə pozur.
"Bu gün də Dağlıq Qarabağ münaqişəsinin davam etməsi uşaq hüquqlarının mühafizəsi və etibarlı müdafiəsi üçün ciddi problemlər yaradır. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq çağırışlar regionda baş verən faciəvi hadisələr kontekstində olduqca miskin görünür. Ermənistan beynəlxalq birliyin üzvü olsa da, faktiki olaraq üzərinə götürdüyü öhdəliklərə, BMT-nin məlum dörd qətnaməsinin icrasına əməl etmir. Uşaqlar günahsız, həssas və böyüklərdən asılıdırlar. Hər bir uşaq sevinc və sülh içində yaşayaraq, böyüməlidir. Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaqlar dünya üçün bir çağırışdır. Dünya birliyi Erməni təcavüzünə son qoyulmasına dəstək göstərməlidir"- deyə, S.Fətəliyeva qeyd edib.
yap.org.az