"Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatına ümumilikdə 600 milyona yaxın, yəni hər il bir hektar əkin sahəsinə MDB məkanında ən yüksək məbləğdə- 70 dollar subsidiya ödənilməsi kənd təsərrüfatının ümumi həcmini 2000-ci ilə nisbətən 4,4 dəfə artırmağa imkan verib". Bu fikri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahmov deyib.
E.İbrahimov bildirib ki, aqrar bölmənin inkişafı dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, bu diqqətin nəticəsidir ki, hər il olduğu kimi 2014-cü ilin büdcəsində də kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 15,9 faiz çox(ümumilikdə 539 milyon manat) vəsait ayrılması nəzərdə tutulub.
"Gələn il bu sahəyə 131 milyon manat həcmində və ya cari ilə nisbətən 6,4 faiz çox subsidiya verilməsi gözlənilir. Kənd təsərrüfatının inkişafında əsas məsələlərdən biri meliorasiya və irriqasiya tədbirlərinin yerinə yetirilməsi olduğundan bu sahə də həmişə diqqət və qayğı ilə əhatə olunur və 2014-cü ildə bu işlərə 239 milyon manat və ya cari ilə nisbətən 4,3 faiz çox vəsait ayrılması nəzərdə tutulur. Məhsul istehsalı prosesində heyvanların və bitkilərin xəstəliklərdən qorunması və bununla da məhsul itkisinin qarşısının alınması dövlətin həyata keçirdiyi tədbirlər sırasında mühüm yer tutur. Bu məqsədlə gələn ilin büdcəsində baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinə 26,9 milyon manat və ya cari ilə nisbətən 25,1 faiz çox, Dövlət Fitosanitar Nəzarət Xidmətinə isə 4 milyon manat və ya 2013-cü ilə nisbətən 8,2 faiz çox vəsait ayrılması gözlənilir"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az