Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. SİA-nın məlumatına görə, Binəqədi rayonunda fəaliyyət göstərən 32 tam orta məktəbin 10-11-ci sinif şagirdləri arasında keçirilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsi noyabrın 18-də rayon partiya təşkilatının sədri Ramiz Göyüşovun, partiya fəallarının və yarışmanın ayrı-ayrı vaxtlarda keçirilmiş üç mərhələsinin qalibi olmuş və final oyununa vəsiqə qazanmış məktəblərin komandalarının iştirakı ilə baş tutub.Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov final mərhələyə vəsiqə qazanmış məktəblərin komandalarını və rəhbərlərini təbrik edərək bildirib ki, yarışma partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunub.Sonra yarışmanın finalına vəsiqə qazanmış məktəblər arasında sonuncu mərhələyə start verilib.Qeyd edək ki, YAP-ın yaranmasının 21-ci ildönümünə həsr olunmuş yarışmada orta məktəblərin hər birində 1 ehtiyat və 5 əsas oyunçu olmaqla 32 komanda təmsil edib və ümumilikdə 192 nəfər şagird iştirak edib. Yarışma 3 turdan ibarət olmaqla, noyabrın 4-də birinci tur, noyabrın 6-da ikinci tur, noyabrın 8-də isə üçüncü tur keçirilib.Birinci turda 11 tam orta məktəbi təmsil edən komandalar arasında keçirilən gərgin yarış zamanı ən yüksək xal toplayan ilk üç komanda - 30 saylı orta məktəbi təmsil edən "Yenilikçi", 244 saylı orta məktəbi təmsil edən "Tusi", 246 saylı orta məktəbi təmsil edən "Hədəfə Doğru" komandaları qalib elan edilib və finala vəsiqə qazanıb. Yarışmanın ikinci turunda 100 saylı orta məktəbin "İlhamlı Gənclik", 143 saylı orta məktəbin "143 Atəşi", 179 saylı orta məktəbin "Yeni Azərbaycanlılar" komandaları qalib gəlib.Yarışmanın üçüncü turunda 217 saylı orta məktəbi təmsil edən "İstiqlal", 297 saylı orta məktəbi təmsil edən "Çempionlar" və 314 saylı orta məktəbi təmsil edən "Turan" komandaları qalib olublar.Yarışma zamanı şagirdlərə dərs vəsaitlərindən, ümumi dünyagörüşündən, Ermənistanın ölkəmizə etdiyi təcavüzdən, YAP-ın yaranma tarixindən, eləcə də Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən suallar təqdim olunub.Hər turda 10 sual olmaqla üç turdan ibarət yarışda şagirdlərə ümumlikdə 30 sual verilib."Nə? Harada? Nə Zaman?" intellektual yarışının final mərhələsinin nəticələrinə əsasən, 143 saylı orta məktəbin "143 Atəşi" komandası I yer, 179 saylı orta məktəbin "Yeni Azərbaycanlılar" komandası II yer, 297 saylı orta məktəbi təmsil edən "Çempionlar" komandası III yerə sahib olublar.
sia.az