Ukraynada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Noyabrın 18-də Kiyev şəhərindəki "Naməlum əsgər" abidəsini ziyarət edib. Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev "Əbədi məşəl"in önünə əklil qoydu, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi. Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi. Elə həmin gün Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qolodomor" qurbanlarının - 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni də ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoydu, aclıq qurbanlarının xatirəsinə ehtiramını bildirdi. Prezident İlham Əliyev Ukrayna paytaxtının hündür nöqtəsindən qədim Kiyevin mənzərəsini seyr etdi. Azərbaycan Prezidentinə Ukrayna paytaxtında görülən işlər barədə məlumat verildi.
Noyabrın 18-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyevi Ukrayna Prezidenti Viktor Yanukoviç qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi. Azərbaycan nümayəndə heyəti Prezident Viktor Yanukoviçə, Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.
Noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Qarşılıqlı səfərlərin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırıldı.
Söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin daha da genişləndiriləcəyinə əminlik ifadə olundu. Dünən Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının dördüncü iclası olub. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak ediblər. Ukrayna Prezidenti Viktor Yanukoviç və Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış ediblər. Prezident Viktor Yanukoviç Ukrayna xalqının adından Prezident İlham Əliyevi prezident seçkilərində qazandığı parlaq qələbə münasibəti ilə təbrik edib:
"Çox hörmətli İlham Heydər oğlu.
Hörmətli iclas iştirakçıları, həmkarlar, dostlar.
Biz sizinlə bu masa arxasında dəfələrlə görüşmüşük. Bizim onlarla birgə müxtəlif tədbirlərimiz olub və bu gün növbəti dəfə Ukraynanın paytaxtı Kiyevdə toplaşmışıq. Bu, Prezident İlham Heydər oğlu Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Ukraynaya ilk səfəridir. Çox hörmətli İlham Heydər oğlu, mən nümayəndə heyətimizin və Ukrayna xalqının adından Sizi prezident seçkilərindəki növbəti parlaq qələbəniz münasibətilə təbrik etmək istəyirəm. Əlbəttə ki, Sizə möhkəm cansağlığı, Sizdə həmişə olan ruh yüksəkliyi, yeni enerji, dost Azərbaycan xalqına sabitlik və tərəqqi arzulamaq istərdim.
Biz bu gün növbəti iclasımızı keçirərək bu iclası yüksək qiymətləndiririk. Biz Ukraynaya, Ukrayna xalqına olan hörmətə görə Azərbaycan Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu, bizə xoşdur. Çünki biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin vaxtları xatırlayırıq. Dostlar həmişə çətin anlarda tanınır. Biz Ukraynanın çox mürəkkəb vəziyyətdə olduğunu yaxşı xatırlayırıq və o zaman Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərilməsi qərarını qəbul etdi. Müstəsna şərait yaradıldı və neft verildi. Faktiki olaraq Siz o zaman energetikamızı, kənd təsərrüfatımızı xilas etdiniz. Bu, əlbəttə ki, unudulmur. Bizim təklifimiz vardır. Biz İlham Heydər oğlu ilə məsləhətləşdik ki, komissiyaların həmsədrlərini dinləyək. Çünki bilirik ki, komissiya hazırlaşıb, məsələlər alt qruplar səviyyəsində işlənilib. İlham Heydər oğlu, əgər etiraz etmirsinizsə mən sözü Sizə vermək istəyirəm."
X X X
Prezident İlham Əliyev çıxışında deyib ki, Ukrayna Azərbaycan üçün dost, tərəfdaş, etibar edilməli olan ölkədir, etibarlı tərəfdaşdır:
" Çox sağ olun, çox hörmətli Viktor Fyodoroviç.
Əziz dostlar, əvvəlcə Viktor Fyodoroviç, məni yenidən Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Məni prezident seçkilərindəki qələbəm münasibətilə səmimi təbriklərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz telefonla zəng edib məni təbrik edən ilk şəxslərdən biri olmusunuz. Bu, münasibətlərimizin, əməkdaşlığımızın əlamətidir. Mən ölkələrimiz arasında əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verən münasibətlərimizi, dostluğumuzu çox yüksək qiymətləndirirəm. Ukrayna bizim üçün dost, tərəfdaş, etibar edilməli olan ölkədir, etibarlı tərəfdaşdır. Sizin simanızda Ukrayna inkişaf və sabitlik dövrü yaşayır. Mənim Sizin dövlətinizin inkişafı üçün həyata keçirdiyiniz böyük planlardan xəbərim vardır. Əminəm ki, Sizin rəhbərliyinizlə Ukrayna bundan sonra da tərəqqi, suverenliyin möhkəmləndirilməsi, mühüm sosial infrastruktur və iqtisadi məsələlərin həlli yolu ilə gedəcəkdir.
Biz Sizin dostlarınız kimi buna çox sevinirik. Öz tərəfimizdən çalışırıq ki, münasibətlərimiz bundan sonra da dərin məzmun kəsb etsin.
Ölkələrimiz arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur. Komissiyaların növbəti və Prezidentlər Şurasının bugünkü iclası da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinin daha bir addımıdır. Həm siyasi, həm energetika, həm iqtisadi sahələrdə artıq yaxşı nəticələr və yaxşı perspektivlər vardır. Buna görə gələcək inkişaf yolumuzu müəyyənləşdirmək və artıq gördüyümüz işlərə yekun vurmaq üçün mən bugünkü Şurada həmsədrlərin məruzələrini, sonra isə yəqin ki, nazirlərin rəyini dinləmək barədə təklif olunan formatı müsbət hesab edirəm. Bir daha qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Dünən də, bu gün də biz Sizinlə ikitərəfli, regional məsələlərlə bağlı ətraflı müzakirələr apardıq. Bir daha səmimi qəbula görə çox sağ olun."
Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasından sonra dövlət başçılarının təltif edilməsi mərasimi olub.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın "Azadlıq ordeni" ilə təltif olunması barədə Prezident Viktor Yanukoviçin Sərəncamı oxundu. Ukrayna Prezidenti Viktor Yanukoviç "Azadlıq ordeni"ni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycan Respublikasının "Heydər Əliyev ordeni" ilə təltif olunması barədə Prezident İlham Əliyevin Sərəncamı oxundu. Prezident İlham Əliyev "Heydər Əliyev ordeni"ni Prezident Viktor Yanukoviçə təqdim etdi. Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin təltif edilməsi mərasimindən sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç "Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu"nu imzaladılar. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Ukraynanın aqrar siyasəti və ərzaq naziri Nikolay Prisyajnyuk "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Leonid Kojara "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı"nı imzaladılar. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Vasili Bertaş "Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna Prezidentinin müşaviri - Ukrayna Prezidenti Administrasiyasının Humanitar İnkişaf Məsələləri Baş İdarəsinin rəhbəri Yuri Boqutski "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi"ni imzaladılar.
Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış ediblər. Prezident Viktor Yanukoviç bəyanatında qeyd edib ki, Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Ukrayna Prezidenti qeyd edib ki, bizim siyasi dialoqun inkişafı və dinamikası barədə Azərbaycan Prezidenti ilə fikirlərimiz və baxışlarımız eynidir: "Biz hesab edirik ki, Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının doqquzuncu və onuncu iclasları arasında keçən dövrdə biz ticari-iqtisadi münasibətləri xeyli yaxşılaşdırmışıq. Bu gün biz öz hökumətlərimizə qəti mesaj veririk ki, qazanılmış nailiyyətlərlə əsla kifayətlənmək olmaz. Biz münasibətlərimizi təkmilləşdirməkdə davam etməliyik. Biz bir sıra layihələri birlikdə həyata keçirmək niyyətindəyik. Əlbəttə, münasibətlərimizi, xüsusən ticari-iqtisadi münasibətlərimizi uzunmüddətli planlaşdırmaya keçməliyik. Hesab edirəm ki, məsələyə məhz bu cür yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır.
Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu və digər məsələlərdə qarşılıqlı fəaliyyət dövlətlərimizin Qara dəniz-Xəzər regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir. Biz həm də genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində iki dövlət qarşısında yaranan imkanları müzakirə edirik.
Əlbəttə, bu gün məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan Prezidenti özünün ilk dövlət səfərini Ukraynaya etmişdir. Biz İlham Heydər oğlunu seçkilərdə layiqli qələbəsi və növbəti müddətə Prezident seçilməsi münasibətilə təbrik edirik. Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir. Əlbəttə, Ukrayna-Azərbaycan münasibətlərinin ənənələrinə görə biz bu münasibətləri daim təkmilləşdirməyə, ticari-iqtisadi, humanitar və başqa sahələrdə yeni nailiyyətlər qazanmağa borcluyuq. Azərbaycan və Ukrayna xalqlarının ənənəvi münasibətləri bizim ikitərəfli münasibətlərin inkişafı üçün bünövrədir."
Prezident İlham Əliyev isə öz bəyanatında qeyd edib ki, Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir:
"Qeyd etmək istərdim ki, mənim bu səfərim inauqurasiya mərasimindən bir ay sonra baş tutur. Fikrimcə, bu fakt özü çox şeyə dəlalət edir. Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq.
Fürsətdən istifadə edib Ukraynanı ATƏT-də artıq başa çatmaqda olan uğurlu sədrliyi münasibətilə təbrik etmək, həmçinin bildirmək istərdim ki, bu il Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü də başa çatır. Bu, bizim ölkələrimizin nüfuzunun göstəricisidir. Biz dünya siyasətinin qlobal məsələlərinin həllində fəal iştirak edir və buna öz töhfəmizi veririk. Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir. Bizim ölkələr öz aralarında fəal qarşılıqlı əlaqə saxlayır, bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini - iqtisadi və humanitar sahələrlə bağlı məsələləri müzakirə etdik. Bizim yaxşı planlarımız, nazirliklər səviyyəsində yaxşı əlaqələrimiz vardır. Yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşlar. Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir. Hərbi-texniki sahədə də yaxşı əməkdaşlıq ənənələri vardır. Biz burada da etibarlı tərəfdaşlarıq və bir-birimizi çoxdan sınamışıq. Hesab edirəm ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial vardır. Müştərək elmi araşdırmalar sahəsində də yaxşı perspektivlər vardır. Başqa sözlə desək, əməkdaşlığın bir sıra sahələrində bizim yaxşı, müsbət nəticələrimiz vardır. Deməliyəm ki, Azərbaycanda Ukraynanı tanıyırlar, sevirlər. Bakı Slavyan Universitetində Ukrayna dili öyrənilir. Yəni, humanitar sahədə də bütün işlərimiz yaxşıdır. Bu gün biz humanitar sahədə münasibətlərimizin daha da inkişaf etdirilməsi, o cümlədən ölkələrimizin mədəniyyət günlərinin keçirilməsi yollarını müəyyən etdik ki, mədəniyyətlərarası dialoq inkişaf etsin. Bunun üçün yaxşı perspektivlər vardır. Qonaqpərvərliyə görə Viktor Fyodoroviçə bir daha təşəkkür etmək, qardaş Ukrayna xalqına firavanlıq və tərəqqi diləmək istəyirəm."