Avropa İttifaqının (Aİ) Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyinin açılması haqqında qərar qəbul edilib. Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de Benito və Avropanın xarici fəaliyyət xidmətinin baş katibi Pierre Vimont bununla bağlı noyabrın 18-də Anlaşma Memorandumu imzalayıblar. Oxşar sənəd ilk dəfə 2012-ci ilin dekabrında Aİ-nin Yeməndəki ofisi üçün imzalanmış və müsbət təcrübəyə çevrilib. Azərbaycandan sonra isə Birma və Özbəkistan üçün belə sənədlərin imzalanması nəzərdə tutulub. Əsas məqsəd Aİ ofislərinin infrastrukturundan istifadə edib nümayəndəlik xərclərinin azaldılması və resursların optimallaşdırılmasıdır. İspaniya Xarici İşlər Nazirliyinə görə, bu addım həm də Bakıda İspaniyanın diplomatik nümayəndəliyinin açılmasına imkan yaradacaq və bu, gələcəkdə Azərbaycan ilə İspaniya arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək.
sia.az