PDF Oxu

Siyasət

  • 28

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Strasburqun Reyn sarayında Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılmışdır

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Strasburqun Reyn sarayında Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılmışdır

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 19-da Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılmışdır.

Aparıcı Alen Tremolier Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda təşkil edilən sərginin dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunduğunu, söz incisi ustadının əlyazmalarının dünyanın müxtəlif muzey və kitabxanalarında, o cümlədən Strasburq milli kitabxanasında və universitetində qorunub saxlandığını bildirmiş, doğulduğu və heç vaxt tərk etmədiyi doğma şəhəri Gəncədə əbədiyyətə qovuşduğunu diqqətə çatdırmışdır. E.Əmirbəyov N.Gəncəvi əsərlərinin yenidən nəşr olunması və müxtəlif dillərə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın böyük rol oynadığını xüsusi vurğulamış, dahi şairin əsərlərindən gələn ideyaların Azərbaycan və Fransa xalqlarının yaxınlaşmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

"Xll və XXl əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvinin (1141-1209) əsəri" layihəsinin Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının, Strasburq Universiteti və milli kitabxanası administrasiyasının birgə əməkdaşlığı sayəsində reallaşdığını deyən səfir sərginin Strasburqda üç ay davam edəcəyini bildirmiş, yerli sakinlərin Nizami Gəncəvi əsərləri və onun doğma şəhəri Gəncə barədə ətraflı məlumat əldə edəcəklərinə əminliyini vurğulamışdır.

Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının rəhbəri Alən Hoss və Strasburq Universiteti və milli kitabxanasının inzibatçısı Alber Puaro çıxışlarında Nizami Gəncəvinin bütün dünyada qazandığı şöhrətdən, bəşəri ideyaların zənginləşməsinə verdiyi töhfələrdən danışmış, əsərlərində İbn Sina, Asadi, Firdovsi, Sənai kimi tarixi şəxsiyyətlərin adlarını çəkməsinin şairin ədəbi və fəlsəfi fikirlərinin dərinliyindən irəli gəldiyini, onun 850 illiyi ilə əlaqədar 1991-ci ilin UNESCO tərəfindən "Nizami Gəncəvi" ili elan olunduğunu, 889 hicri tarixinə (1484) aid olan bir əlyazma nüsxəsinin Strasburq Universiteti və milli kitabxanasında saxlandığını qeyd etmişlər.

Sərgidə Nizami Gəncəvinin həyat və yaradıcılığını, doğulduğu Gəncə şəhərinin keçmişini və bu gününü əks etdirən fotolar, şairin əsərlərinə çəkilmiş müxtəlif illüstrasiyalar, yaşadığı dövrə məxsus dulusçuluq və misgərlik nümunələri, geyim və bəzək əşyaları nümayiş etdirilmişdir.

Sərgi və konsert çərçivəsindən Heydər Əliyev Fondu tərəfindən N.Gəncəvi haqqında hazırlanmış nəşrlər təqdim olunmuşdur. Sərgidən sonra dahi şairə həsr olunan konsert proqramında professor Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Musiqi Alətləri Orkestrinin müşayiəti ilə incəsənət ustaları Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin sözlərinə bəstələdikləri romansları və xalq mahnılarını ifa etmiş, şairin poemalarından parçalar fransız dilində səsləndirilmişdir.

Sərgi və konsert strasburqlu tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Sərgi və konsertdə Alzas regionunun rəsmləri, şəhər ictimaiyyətinin nümayəndələri, bir çox ölkənin Avropa Şurası yanındakı daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Strasburqda akkreditə olunan diplomatik korpusun üzvləri, diaspor təmsilçiləri və tələbələr iştirak etmişlər.

yap.org.az

Digər xəbərlər