"Bir müsbət hal var ki, beynəlxalq dairələr bu məsələyə gözlənilən qədər diqqət nümayiş etdirdilər. Görüşdən əvvəl ABŞ-ın dövlət katibi Con Kerrinin, eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərlə danışması sübut edir ki, Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi əsas güc mərkəzlərinin masası üzərindədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc dünən Vyanada baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin hər zaman masa üzərində olması ABŞ və Rusiyanın strateji maraqları ilə birbaşa bağlıdır: "Söhbət iki dövlət arasındakı problemin tənzimlənməsindən yox, eləcə də regionun iqtisadi siyasi həyatına nüfuz edən və uzun illər həmin bölgələrdə oturuşmuş dövlətlərin bu məsələni bundan sonrakı dövrdə də gündəmin əsas mövzusu kimi saxlamasından xəbər verir. Əminəm ki, Amerika və Rusiyanın yetəri qədər kəşfiyyat məlumatları var ki, tərəflər müharibəyə daha ciddi hazırlıq işləri görür"."Dünən baş tutan görüş dövriyyəyə yenidən hər hansı bir layihəni qaytardı. Orada iştirak etmədiyimizdən bu haqda danışmaq çətindir ki, görüşdə yeniləşmiş Madrid prinsipləri üzərində işlər davam etdirilir, yoxsa tamamilə yeni bir sənət ortaya qoyulub. Lakin hesab edirəm ki, ölkə başçısı İlham Əliyev kifayət qədər sərt və millətimizin mövqeyini güzəştsiz bir iradə ilə təmsil etdi. Ermənistan haqqında bunu demək olmaz. Danışıqlarda bütün bu amillər təsirli rola malikdir. Dekabrın əvvəlində nəzərdə tutulan prezidentlərin yeni görüşü, eləcə də xarici işlər nazirlərinin görüşü də müzakirə mövzusu olub. Ümid edək ki, yenidən start götürən danışıqların hazırkı mərhələsi uğurla sona çatacaq" – deyə, Zahid Oruc məsələ ilə bağlı fikirlərinə əlavə edib.
sia.az