"Bu gün hakim partiya gənclərin, ziyalıların, qadınların, alimlərin, incəsənət xadimlərinin və bütövlükdə isə Azərbaycan xalqının partiyasıdır"
"1992-ci ildə Azərbaycanın siyasi sistemində lokomotiv gücə, aparıcı siyasi təşkilata böyük ehtiyac duyulurdu. Çünki milli gücümüzü təşkil edən ayrı-ayrı siyasi aktiv qruplar pərakəndə şəkildə fəaliyyət göstərirdilər. Belə olan təqdirdə onların fəaliyyətini məqsədyönlü şəkildə milli maraqlara yönləndirəcək liderə, gücə ehtiyac var idi. Şübhəsiz ki, belə bir lider var idi. Bu, Ulu Öndər Heydər Əliyev idi və o Naxçıvanda fəaliyyət göstərirdi". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının (YAP) 21 illik fəaliyyət dövrü ilə bağlı fikirlərini bildirərkən deyib.Hikmət Babaoğlunun sözlərinə görə, həmçinin həmin dövrdə cəmiyyətin siyasi təşkilatlanması üçün yeni dövrün tələblərinə uyğun olaraq siyasi sistemi formalaşdıracaq və onu daşıyacaq, sütunu olacaq bir siyasi partiyaya ehtiyac var idi: "Məhz bununla əlaqədar Azərbaycan ziyalıları, 91-lər Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Beləliklə də 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. Bu illər ərzində hakim partiyanın fəaliyyətini əgər bir cümlə ilə xarakterizə etsək deyə bilərik ki, YAP Azərbaycanın dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan, ölkəmizin müstəqilliyinə böyük töhvələr verən, onun qorunmasına xidmət edən və milli gücü səfərbər edərək, dövlət maraqlarımızın qorunmasına yönləndirən böyük siyasi təşkilatdır. Eyni zamanda biz hakim partiyanı qələbələr partiyası kimi də səciyyələndirə bilərik. YAP yaranması ilə Azərbaycanın siyasi siteminə yeni ruh, siyasi mədəniyyət, əxlaq və keyfiyyət dəyişiklikləri gətirdi. Məhz hakim partiya siyasi sistemimizin sütunu olmaqla bərabər eyni zamanda siyasi sistemimizi təşkil edən digər partiyalara da örnək oldu. Sözün həqiqi mənasında YAP milli keyfiyyətdə milli maraqları qoruyan və dövlətçiliyə xidmət edən ümumxalq partiyasına çevrildi. Biz ümumxalq partiyası sözünü təhlil etsək görərik ki, bu partiya sözün həqiqi mənasında Azərbaycan xalqının bütün sosial strukturlarını, etnik kimliklərini özündə cəmləşdirən və onları bir azərbaycanlı kimi formalaşdıran möhtəşəm siyasi təşkilatlanmadır".Baş redaktor bildirib ki, bu gün YAP-ın 600 mindən artıq üzvü var. Bunların içərisində isə Azərbaycan cəmiyyətinin ən aparıcı insanları cəmləşib: "Həmin insanlar bütövlükdə Azərbaycanın sosial, iqtisadi və maliyyə strukturunun bütün sahələrini əhatə edir. Yəni hakim partiyanın daxilində, onun rəhbər orqanlarında elm xadimləri, biznesmenlər, yazıçılar, şairlər və s. insanlar var. Bu gün YAP Azərbaycan xalqının 600 minlik, eləcə də bir qədər kiçidilmiş modelidir. Hakim partiya ümumxalq partiyasıdır. Çünki bu partiyanı yaradan şəxsiyyət də məhz Azərbaycan xalqının Ümummilli lideridir. İllər ərzində YAP cəmiyyətin lokomotiv gücü olmaqla dünyada və regiondan baş verən proseslərə adekvat reaksiya göstərməklə öz fəaliyyətini təkmilləşdirdi. 1999-cu ildə hakim partiyanın həyatında böyük hadisə baş verdi. Belə ki, həmin dövrdə cənab Prezident İlham Əliyev YAP-a Sədr müavini seçildi. Bu dövrdən başlayaraq isə hakim partiyanın tarixində yeni gəncləşmə erası başladı. Bundan sonra isə ölkəmizdə keçirilən bütün seçkilərdə (prezident, parlament, bələdiyyə) YAP qalib oldu. Bu gün hakim partiya gənclərin, ziyalıların, qadınların, alimlərin, incəsənət xadimlərinin və bütövlükdə isə Azərbaycan xalqının partiyasıdır".
sia.az