Bu gün YAP Samux rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Tədbir YAP Samux rayon təşkilatı aparatının akt zalında davam etdirilib. Tədbirdə Partiyanın qurucusu və memarı Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır: "Yeni Azərbaycan Partiyasının keçdiyi yolu təhlil etsək, bu həqiqət özünü təsdiq etmiş olar ki, tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinlikdən qalib çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb. Bu günün uğurları gələcəyə böyük inamla irəliləməyə əsas verir".Sonra çıxış edən YAP Samux rayon təşkilatı Gənclər birliyinin sədri Rəşad Qarayev bildirib ki, regionun ən güclü partiyası olan YAP müasir həyatımızda gənclərimizin gələcəyə işıqlı ümidi, xalqımızın daha xoş güzaranının təminatçısıdır: "Partiyanın sədri, ölkə Prezidenti İlham Əliyev Ümummilli liderimiz Heydər Əliyev kimi gənclərimizə daim arxa və dayaq olub, onların vətənpərvər, dövlətlərinə sədaqətli olmaları üçün bir çox layihələr həyata keçirib. YAP yarandığı vaxtdan gənclərimizin ictimai siyasi proseslərdə fəal iştirak etməsində, onların geniş quruculuq işlərinə səfərbər olmasında mühüm rol oynayıb".
Daha sonra çıxış edən YAP Samux rayon təşkilatının Qadınlar şurasının sədri Kəmalə Xəlilova ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs edərək qeyd edib ki, YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf edib, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin hər bir vətəndaşının, o cümlədən qadınların həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunub.
Tədbirdə iştirak edən fəal YAP üzvlərindən N.Abdullayeva, N.Bayramov, H.Hüseynov və digərləri çıxış edərək partiyanın fəaliyyəti və cəmiyyətimizdəki rolu barədə geniş nitq söyləyiblər.
Tədbirin sonunda partiyanın sıralarına yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.
sia.az