"Düşünürəm ki, 21 illik tarixi zaman baxımından qısa görünsə də, uğurlarımızın zənginliyi nöqteyi-nəzərdən sanki 100 ilə barabər olduğu üçün bir sual çərçivəsində 21 ilə baxış keçirmək qeyri-mümkündür. Müstəqil Azərbaycanın tarixi kimi təsdiqlənən Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradıldı". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.YAP Siyasi Şurasının üzvü bildirib ki, həmin dövrdə ölkədə mövcud olan ictimai-siyasi durum, partiyanın yaradılmasını zərurətə çevirən amillər hər kəsə məlumdur: "Ən əsası partiyanın adına diqqət yetirsək, bütün zəruri amilləri özündə ehtiva etdiyini aydın şəkildə görərik. Xalqımız həmin dövrdə ictimai-siyasi durumun gərginliyi, qarşıdurmaların dərinləşdiyi, Azərbaycanın bir dövlət olaraq müstəqilliyini itirmək təhlükəsini yaşadığı bir zamanda "Yeni Azərbaycan" məfhumunu özündə birləşdirən bir partiyanın yaradılması tələbi ilə çıxış etdi. Bu istək ümumiləşdirilmiş şəkildə "91-lərin müraciəti" kimi tarixə yazıldı. Həmin müraciətdə xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevdən gözləntiləri və istəkləri ətraflı şəkildə öz əksini tapıb".O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək cəmiyyətin bütün təbəqələrini öz sıralarında birləşdirdi: "Məqsədi, məramı dövlətə, xalqa xidmət olan partiya ötən dövr ərzində böyük şərəfli yol keçmiş, cəmiyyətdə nüfuz qazanmış, sıralarını kəmiyyət və keyfiyyət baxımından möhkəmləndirərək, özünə inam hissini daha da artırıb. Bu gerçəklik ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə ilə çıxmasından da aydın görünür. 1993-cü ildən iqtidar partiyası kimi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının fəaliyyəti zənginliyi ilə diqqət çəkir. Partiya bu dövr ərzində Azərbaycanın uğurlarının bələdçisi, eyni zamanda iştirakçısı olaraq, populist vədlərdən uzaqlığını atdığı hər addımında təsdiqləyib".Vüqar Rəhimzadə deyib ki, 1993-2003-cü illər Azərbaycanın tarixinə sabitlik, dirçəliş illəri, 2003-cü ildən sonrakı dövr isə böyük yolun uğurlu davamı kimi yazılıb: "Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində ən böyük uğurlarından biri qələbələr partiyası kimi nüfuz qazanması, mövqeyini möhkəmləndirməsidir. Cari ilin oktyabrın 9-da keçirilən prezident seçkiləri bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi xalq-iqtidar birliyinin növbəti sübutu idi. Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurları ilə gələcək üçün stimul yaradır".
sia.az